Azərbaycanın milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər sabiq təhlükəsizlik naziri Eldar Mahmudova qarşı isrəli sürülən İsraillə əlaqələr, qohumbazlıq, külli miqdarda pul mənimsənilməsi kimi sərt ittihamların qeyri-rəsmi olduğunu bildirib.
Your browser doesn’t support HTML5
Azərbaycanda qohumbazlıq siyasətinin dərin kökləri olduğunu önə çəkən Sülhəddin Əkbər bunun Azərbaycanın dövlətçiliyinin kökləri ilə bağlı olduğunu deyib.
O bildirib ki, hələ Rusiya imperiyası zamanı, Azərbaycanın xanlıqlar dövründə, Azərbaycanın dövlətçiliyi hansı inkişaf mərhələsində idisə, Azərbaycanda milli dövlət quruculuğu bərpa olunandan sonra da inkişaf həmin nöqtədən başlayıb.
Azərbaycanda anti-demokratik bir şərait olduğuna görə, feodal münasibətlərin qalması təbiidir
Sülhəddin Əkbərovun dediyinə görə, hətta 20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi bərpa olunduqda da bu inkişaf öz təsirini göstərib.
“Mən düşünürəm ki, Azərbaycanda demokratik dövlət qurulanadək bu proses davam edəcək. Hazırda Azərbaycanda anti-demokratik bir şərait olduğuna görə, feodal münasibətlərin qalması təbiidir”-deyə, o bildirib.
Milli təhlükəsizlik sisteminin necə qurulmasına gəldikdə isə Azərbaycanın milli təhlükəslik nazirinin sabiq birinci müavini hesab edir ki, ilk növbədə Azərbaycanda strateji demokratik seçim edilməsi lazımdır.
Sülhəddin Əkbər seçimlərdən sonra həm siyasi, həm iqtisadi, hərbi və təhlükəsizlik, o cümlədən hüquq sahəsində islahatlar aparılması, kəşfiyyat və əks-kəşfiyyat sistemlərinin biri-birindən ayrılması, kəşfiyyat xidmətlərinin fəaliyyətinin koordinasiya edilməsi, milli kəşfiyyat şurasının yaradılmasının vacibliyini vurğulayıb.
İlk növbədə Azərbaycanda demokratik seçim edilməsi lazımdır
Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının Qərblə fərqləndiyini deyən S. Əkbər fərqi ilk növbədə müdafiə və təhlükəsizlik sisteminə demokratik-ictimai nəzarətin olmaması ilə əlaqələndirib.
“Avtoritar və totalitar rejimlərdə bu mümkün olmur. Ölkədə azad seçkilər keçirilmədiyinə, müdafiə və təhlükəsizlik sisteminə parlament nəzarəti, müstəqil media, müstəqil məhkəmə olmadığına görə bu orqanlar üzərində nəzarət də mümkün deyil. MTN baş verən proseslər də bunu açıq şəkildə göstərir”-deyə, Sülhəddin Əkbər bildirib.