Ümumdünya Sülh Günü

Ümumdünya Sülh Günü

BMT Ümumdünya Sülh Günündə dünyanın hər yerində hərbi əməliyyatların tamamilə dayandırılmasına çağırır
Sentyabrın 21-i Ümumdünya Sülh Günüdür.

BMT baş katibi Ban Gi Munun dünya ictimaiyyətinə müraciətində deyilir ki, Ümumdünya Sülh Günündə, BMT dünyanın hər yerində hərbi əməliyyatların tamamilə dayandırılmasına çağırır.

“Biz eyni zamanda dünyanın hər yerində insanları yerli vaxtla günorta, qurbanları – həlak olmuş insanları, o cümlədən sağ qalmış, lakin zədəyə və ağrı-acıya dözmək məcburiyyətində olanları bir dəqiqəlik sükutla yad etməyə çağırırıq”. - o qeyd edir.

Sənədə görə, bu ilki Ümumdünya Sülh Gününün mövzusu “Davamlı İnkişaf Naminə Davamlı Sülh”dür.

“Silahlı qarşıdurmalar davamlı inkişafın ən əsas sütunlarını sarsıdır. Təbii resurslar müharibələri maliyyələşdirmək üçün deyil, cəmiyyətin rifahını yaxşılaşdırmaq üçün istifadə olunmalıdır. Uşaqlar orduya deyil, məktəbə getməlidirlər. Dövlət büdcələri məhvedici silahların hazırlanmasına deyil, insanların əqli qabiliyyətlərin artırılmasına yönəlməlidir”, baş katib vurğulayır.

Ban Gi Mun Ümumdünya Sülh Günündə bütün müharibə edən tərəfləri münaqişələrə dinc həll yolları tapmağa səsləyir.

“Gəlin hər kəs üçün təhlükəsiz, ədalətli və çiçəklənən gələcək uğrunda mübarizə aparaq”.