Sülh və Demokratiya İnstitutunun ofisinin uçurulması beynəlxalq təşkilatlar tərəfindən tənqidlə qarşılanıb.
BMT İnsan Hüquqları üzrə ali komissarının ofisi avqustun 11-də Bakının mərkəzində Sülh və Demokratiya İnstitutunun, həmçinin digər iki təşkilatın - Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Kampaniyasının və böhranlı duruma düşən qadınlar üçün Mərkəzin ofislərinin dağıdılması ilə bağlı narahatlığını bildirib. BMT ofisinin mətbuat katibi Rupert Kolvill bildirib ki, binanın sökülməsi üçün buldozerlər Bakı merinin sərəncamı ilə orada yerləşən qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edilmədən göndərilib. Bu ilin mayında Bakı məhkəmələrinin biri Sülh və Demokratiya İnstitutunun direktorunun ailəsinin mülkiyyətində olan binanın sökülməsinin qadağan olunması barədə qərar çıxarıb. İdarənin bəyanatında qeyd olunur ki, şəhər hakimiyyəti ofis əməkdaşlarının öz əşyalarını, o cümlədən sənədləri və bahalı avadanlıqları çıxarmasına imkan verməyib. “Bakıda hüquq müdafiəçilərinin zorla öz ofislərindən çıxarılması və əmlaklarının məhv edilməsi, həmçinin onların təqib olunması barədə həyəcanlı məlumatları nəzərə alaraq, biz Azərbaycan hakimiyyətini bu işin diqqətlə araşdırılmasına, adekvat kompensasiyanın verilməsinə və dəyən zərərin ödənilməsinə çağırırıq”, - R. Kolvill vurğulayıb.
O əlavə edib ki, BMT Azərbaycan hökumətini beynəlxalq sazişlərdə əksini tapan əsas prinsiplərə uyğun olaraq Sülh və Demokratiya İnstitutunun, həmçinin digər hüquq müdafiəçilərinin fəaliyyəti üçün təhlükəsiz şəraiti təmin etməyə çağırır.
Norveçin dövlət katibi Espen Bart Eyde (Espen Barth Eide) isə Norveçdə səfərdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu qəbul edib.
Norveçin Bakıdakı səfirliyinin məlumatında deyilir ki, xanım Yunus avqustun 11-də inatitutun və daha iki QHT-nin ofisi yerləşən binanın sökülməsi haqqında məlumat verib.Əmlak hüquqlarının müdafiəsi üzrə səyləri haqqında danışan xanımYunus həmçinin söküntünün əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirildiyinə diqqət çəkib.
Öz növbəsində, Bart Eyde Leyla Yunusun demokratiya və insan hüquqlarını müdafiə fəaliyyətinə dəstək ifadə edib. “Azərbaycanın tərəfdaşı olaraq Norveçin məqsədi fundamental dəyərləri və normaları təşviq etməkdir. Buna görə Azərbaycandan ölkənin beynəlxalq öhdəliklərinə uyğun hərəkətlər gözləyirik. Qanunun aliliyinə riayət olunan ölkələrdə əsas hüquq və normalara hörmət olunmalıdır. Bir çox ölkələrdə şəhərlərin inkişafı əmlak hüquqlarını poza bilər, amma bunun üçün müvafiq hüquqi prosedurlara riayət edilməlidir”, - deyə o bildirib.