Sulduzlu milli fəal Səccad Şəhiri 6 ayl həbs cəzasına məhkum edilib

Səccad Şəhiri

İranın Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhərində yaşayan türk fəal Səccad Şəhiri 6 aylıq həbs cəzasına məhkum edilib.

Güney Azərbaycan televiziyası (Günaz Tv)-nin yayımladığı məlumata əsasən, Səccad Şəhiri Sulduzun ikinci cinayət məhkəməsinin 103-cü şöbəsi tərəfindən həbsə məhkum edildiyi bildirilir.

Sulduzlu milli fəal "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə günahlandırılaraq, “separatçı təşkilata üzv olmaq” ittihamından bəraət qazanıb.

O daha əvvəl Təbrizin İnqilab Məhkəməsinin 16-cı şöbəsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "separatist GAMAC təşkilatına üzv olmaq" ittihamları ilə üzləşmişdi. Ancaq daha sonra türk fəalın dosyesinin Sulduzun ikinci Cəza Məhkəməsinə göndərilərək, həmin məhkəmə tərəfindən separatist təşkilata üzv olmaq ittihamından bəraət aldığı, digər ittihamdan isə 6 ay həbsə məhkum edildiyi haqda məlumat verilib.

Sulduzun ikinci cinayət məhkəməsinin 103-cü şöbəsinin sədri, hakim Əmir Kiyumərsi tərəfindən verilən hökmə görə, Şəhiri İranın İslam Cinayət Məcəlləsinin 18 və 19 və 500-cü maddələrinə əsasən "İran islam respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə 6-cı dərəcədə 6 ay həbs cəzasına məhkum edilib.

Səccad Şəhiri yanvar ayının 16-da İran hökumətinin kəşfiyyat agentləri tərəfindən həbs edilib. O, mart ayının 2-də Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb və girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılımışdı.