Sulduzda qanlı qiyamın 15-ci ildönümü - fəallar İranın kəşfiyyat idarəsinə çağırılıb

2006-cı ilin may ayında İran Azərbaycanında baş qaldıran kütləvi üsyan zamanı Sulduz (Nəğədə) şəhərində bir neçə etirazçının öldürülməsinin ildönümündə Sulduzda türk fəallara qarşı basqılar artırılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi İranın Sulduzdaki kəşfiyyat idarəsinə çağırııb və hədələnən 10 şəxsin adını açıqlayıb.

“Təhlükəsizlik qüvvələri etirazların ildönümünün qeyd edilməsini önləmək məqsədilə Həsən Badpeyma, Vəli Siyami, Nasir Əhmədi, Ehsan İsmayıl-doxt, Əli Hacməhəmmədi, Məhərrəm Kərimi, Əli dünyadust, İbrahim Muini, Vəli Azəriyyun və Cavad Payizini kəşfiyyat idarəsinə çağırıraq hədələyiblər,” agentlik bildirib.

SEE ALSO: Kərim Fəthipur 2006-cı ildə Sulduzda baş verən qanlı hadisəni şərh edir [Audio-Müsahibə]

Milli fəallar hər il may ayının 25-də Qərbi Azərbaycan vilayəti Sulduz şəhərinin məzarlığında “Sulduz Şəhidlərinin anım törəni” keçirirlər.

2006-cı ilin may ayında İran Azərbaycanının şəhərləri və qəsəbələrində baş qaldıran kütləvi üsyanlar xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə yatırıldı.

Mayın 25-də hərbi qüvvələrin Sulduzda küçəyə çıxan etirazçılara atəş açması nəticəsində bir çox etirazçı yaralanıb, azı dörd vətəndaş, o cümlədən Hüseyn Fəthipur (16 yaşında), Tövhid Azəriyyun (26), Himmət İsimzadə (35) və Əsgər Qasımi (39) olay yerində öldürüldülər.

SEE ALSO: Məhsa Mehdili: May qiyamı kimin yanımızda və kimin qarşımızda olduğunu bizə göstərdi

Həmin gün qırma güllələr ilə gözlərindən vurulan Daryuş Təbbaxi görmə qabiliyyətini itirib. O, 6 il sonra 2012-ci ildə beynində qalan qırmanın törətdiyi infeksiya səbəbilə dünyasını dəyişib.

25 may 2006-da Sulduzda öldürülən yeniyetmə Hüseyn Fəthipurun qardaşı Kərim Fəthipur daha əvvəl Amerikanın Səsi ilə müsahibədə həmin gün baş verənləri anladıb.

2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” jurnalında dərc edilən karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə həmçinin, hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir.