İranın Qərbi Azərbaycan vilayətində iki il uzadılan məhkəmə işinə etiraz edən vətəndaşa 35 qamçı zərbəsi vurulub.
İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.
Sulduz şəhərinin Məhəmmədyar qəsəbəsinin sakini Mehdi Xeyri ötən günlərdə məhkəmə tərəfindən icra şöbəsinə çağırılaraq qamçılanıb.
Sulduzlu vətəndaş avqust ayında məhkəmə tərəfindən qiyabi olaraq “məhkəmə məmuruna təhqir” ittihamından suçlanmışdı.
“İki il öncə Xeyri başqa bir vətəndaş əleyhinə məhkəməyə şikayət edib, ancaq şikayət olunan şəxsin yaxınlarının təsiri nəticəsində məhkəmə işi iki il uzadılıb, məhkəmənin son iclasında uzadılmaya etiraz edən Xeyri saxlanılıb. Daha sonra həmin vətəndaş Məhəmmədyar qəsəbəsinin ümumi məhkəməsinin 1-ci şöbəsi tərəfindən məhkəmə nizamını pozmaq və məhkəmə məmurunu təhqir etmək ittihamlarından mühakimə edilib. Hakim Əfşin Bonyadpur sədrliyi ilə keçirilən məhkəmə nəticəsində Xeyri məhkəmə nizamını pozmaq ittihamından bəraət qazansa da, məhkəmə məmuruna təhqir ittihamından qiyabi olaraq 35 qamçı cəzasına məhkum edilib. Daha sonra Apellyasiya Məhkəməsi heç bir iclas keçirmədən birinci məhkəmənin hökmünü qüvvədə saxlayıb. Hökm noyabrın 19-da icra üçün Məhəmmədyar qəsəbəsinin icra şöbəsinə göndərilib” - deyə, vətəndaşın yaxınları HRA xəbər agentliyinə bildirib.
Mehdi Xeyri Qum Universitetində Sənaye rəhbərliyi magistr dərəcəsi alıb.
Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktda qeyri-insani və təhqiredici cəzaların qadağan qolunmasına baxmayaraq, İranın məhkəmə sistemi tərəfindən qeyri-insani və təhqiredici cəza sayılan qamçı və edamdan hələ də geniş şəkildə istifadə olunur.
İranda İslam Cəza Qanununda 149 cinayət üçün qamçı cəzası nəzərdə tutulub.