10-15 günə övladının dünyaya gəlməsini gözləyən güneyli məhbus Şükrulla Qəhrəmaninin xanımı Əhdiyə İbadpur Amerikanın Səsinə müsahibədə həyat yoldaşının doğum günlərində evdə olması üçün 15 günlük məzuniyyət tələbi ilə məhkəməyə müraciət etdiyini amma mənfi cavab aldığını bildirir. Güneyli müəllim Şükrallah iyunun 24-də nəzarət altına alınaraq təqribən 5 il öncə məhkum olduğu 6 ay həbs müddətini tamamlamaq üçün zindana göndərilib.
Your browser doesn’t support HTML5
“5 il sonra gəlib onu qəfildən tutdular. Məhkəmə hökmün yaxında icra olacağı ilə bağlı bizə heç məlumat verməmişdi..,” deyə müəllimin həyat yoldaşı vurğulayır.
Onun dediklərinə görə, Qəhrəmani “rejimə qarşı təbliğat aparmaqda” günahlandırılıb və məhbusların uşaqları dünyaya gəldiyi zaman istifadə etdikləri məzuniyyət haqqı bu ittihamla mühakimə edilənlərə şamil olmurmuş.
Şükrülla Qəhrəmani illər öncə də Xudafərin Körpüsü üzərində Azərbaycanın azadlığı üçün türk dilində şeir oxuması səbəbilə müəllimlik işindən bir il uzaqlaşdırılmışdı.
Əhdiyə İbadpur həyat yoldaşının “etnik və milli haqlar” uğrunda fəaliyyətləri üzündən dəfələrlə həbs və mühakiməyə məruz qaldığını, müəllimlik işindən kənarlaşdırıldığını, eləcə də, təhlükəsizlik qurumlarına çağrılaraq sorğu-sual edildiyini bildirir.
“İttihamı olunub rejimə qarşı təbliğat, elə şey yoxdur, biz bu ittihamı qəbul etmirik. O, sadəcə ana dili haqları, etnik və milli haqlar və İran konstitusiyasının maddələrinin icrası ilə bağlı fəaliyyət göstərib,” deyə güneyli müəllimin xanımı söyləyir.
Qəhrəmani ailəsinin 2 uşağı var. 10-15 gün içində üçüncü uşağının dünyaya gələcəyini bildirən Əhdiyə xanımın sözlərinə görə, uşaqlar atalarının məhbəsdə olmasının səbəbini anlayırlar:
“Uşaqlar özləri kültürümüzü, dilimizi və millətimizi çox sevirlər, düşüncəli uşaqdırlar, atalarının tutduğu yolu başa düşürlər, o cəhətdən problemimiz yoxdur.”
İttihamı olub rejimə qarşı təbliğat, elə şey yoxdur, biz bu ittihamı qəbul etmirik. O, sadəcə ana dili haqları, etnik və milli haqlar və İran konstitusiyasının maddələrinin icrası ilə bağlı fəaliyyət edib.Əhdiyə İbadpur
Əhdiyə İbadpur həmçinin Qaradağ bölgəsinin kəndlərində müəllimlik işi ilə məşğul olan həyat yoldaşının keçmişdə məruz qaldığı həbs ya işindən kənarlaşdırma kimi basqılar haqqında danışıb:
“Şükrülla təqribən bir il öncə 5 ay müddətində müəllimlik işindən kənarlaşdırıldı... Bunun səbəbi Həddad Adilin 6-cı sinif dərsliyində dərc olunan faşisti yazısı ilə bağlı yazdığı məktub idi. Həddad Adilə yazmışdı ki, faşistlik yaxşı deyil...”
İbadpur bu sözlərlə 6-cı sinif dərsliyində dərc edilən Ey Fars Dili adlı şeirə işarə edir. Bu şeir Təbrizi farsdilli bir şəhər kimi təsvir etdiyi üçün geniş etirazlara səbəb olmuşdu.
Onun dedikləri görə, Şükrülla Qəhrəmani illər öncə də “Xudafərin Körpüsü üzərində Azərbaycanın azadlığı üçün türk dilində şeir oxuması səbəbilə müəllimlik işindən bir il uzaqlaşdırılmışdı.”
Əhdiyə İbadpur həmçinin həyat yoldaşının keçmişdə Babək Qalası mərasiminə qatılmaq və digər fəaliyyətləri üzündən həbs və mühakiməyə məruz qalması haqda Amerikanın Səsinə məlumat verib.
O, həmçinin bildirib ki, Şükrulla Qəhrəmani həbsindən az müddət öncə WhatsApp və Viber-də Azərbaycan haqda təbliğ xarakterli mesajlar göndərdiyi üçün Kəleybər şəhərinin Ettelaat idarəsinə aparılmışdı.