Britaniyanın baş nazirinə sui-qəsd hazırlayanların məhkəməsi başlayıb

Britaniya Baş naziri - Tereza Mey

İngiltərənin baş naziri Tereza Meyə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan iki gəncin məhkəmə prosesi çərşənbə günü London məhkəməsində baş tutub.

İngiltərə rəsmiləri hər iki şəxsi baş nazirin iqamətgahında bıçaqlı hücumla Tereza Meyi öldürməyə təşəbbüs etməzdən əvvəl Douninq küçəsinin girişindəki mühafizə darvazalarına bomba hücumu hazırlamaqda günahlandırır.

Təhlükəsizlik əməkdaşları Douninq küçəsini mühafizə edir

Hər iki sui-qəsdçi ötən həftə terrorla mübarizə əməkdaşları tərəfindən London və Birminqham şəhərlərində həbs edilib.

Douninq küçəsinin təhlükəsizliyi ciddi şəkildə qorunur. Təhlilçilərin sözlərinə görə, sui-qəsdçilərin baş nazirin iqamətgahına girmək şansları çox az olub və əgər onlar planlarını reallaşdıra bilsəydilər, bu ancaq kənardan idarə edilməklə mümkün ola bilərdi.