Sudan Cənubi Sudana havadan hücum edib

  • Amerikanın səsi

Şahidlər və Cənubi Sudanın rəsmiləri Sudanın hərbi təyyarələrinin Cənubi Sudanın sərhəd regionuna havadan hücum etdiyini deyib. Hadisə nəticəsində bir nəfərin həlak olduğu bildirilir.

Cənubi Sudanın hərbi kəşfiyyat idarəsinin başçısının müavini Mak Pol bu gün Bentiu şəhəri yaxınlığında baş vermiş hücumun ciddi gərginliyə səbəb olduğunu deyib və bunu açıq-aşkar təhrik aktı adlandırıb.

Hava hücumlarını müşahidə edən müxbirlər partlayış nəticəsində bazarda bir gəncin həyatına son qoyduğunu bildirir.

Bombardman Cənubi Sudan qoşunları gərgin bölgə hesab edilən Heqliq şəhərindən çıxdıqdan bir gün sonraya təsadüf edib.

Qoşunlar aprelin 10-dan bəri Heqliqdə neft sahələrini ələ keçirmişlər. Beynəlxalq ictimaiyyət hər iki ölkəni sərhəd hücumlarını dayandırmağa və dialoqa başlamağa çağırıb.