ABŞ Konqresmeni Stiv Kinq bazar ertəsi mühacirət və doğum tempi ilə bağlı qalmaqal doğuran tvitini müdafiə edib. Həmin tvitdə Kinq yazmışdı ki, “bizim sivilizasiya özgələrin körpələri” ilə bərpa oluna bilməz. Kinqin bu ifadəsi Demokrat və Respublikaçıların tənqidləri ilə üzləşib.
Nümayəndələr Palatasının Respublikaçı spikeri Pol Rayan və Demokrat azlığın lideri Nensi Pelosi konqresmen Kinqi tənqid ediblər.
Ayova ştatını təmsil edən Nümayəndələr Palatasının üzvü bazar günü yazdığı tvitdə anti-İslam təmayüllü hollandiyalı siyasi lider Giyert Vildersi alqışlayıb.
“Vilders başa düşür ki, mədəniyyət və demoqrafiya bizim müqəddəratımızdır. Biz öz sivilizasiyamızı özgələrinin körpələri ilə bərpa edə bilmərik,” deyə Kinq minlərlə adamın “like”-ını qazanan post yazıb.
Konqres Respublikaçılarını Kinqin dediklərini pisləməyə çağıran Pelosi bildirib ki, Respublikaçılar pariyası öz sıralarında ağ supremasistlərə yer olub-olmadığını müəyyən etməlidir.
“Spiker aydın şəkildə bu fikirlə razılaşmır və hesab edir ki, Amerikanın rəngarəngliyi onun gücünü nümayiş etdirir,” deyə Rayanın sözçüsü deyib.
CNN telekanalına müsahibədə Kinq yazdıqlarını müdafiə edərək Qərbi Avropada aşağı doğum səviyyəsinin sivilizasiya, mədəniyyət və dəyərlərə ziyan vurduğunu bəyan edib.
“Siz nəyi nəzərdə tutursunuz?" Respublikaçı Konqresmen Karlos Kurbelo Tvitterdə Kinqə cavab yazıb. “Mən özgəsinin körpəsi kateqoriyasına düşürəmmi?”
Siz nəyi nəzərdə tutursunuz? Mən özgəsinin körpəsi kateqoriyasına düşürəmmi?Karlos Kurbelo, Konqresmen (R)
Sabiq Florida qubernatoru Ceb Buş Amerikanın “mühacirlər milləti” olduğunu vurğulayaraq əlavə edib ki, Kinqin sentimentləri “bizim paylaşdığımız tarixi və dəyərləri tərənnüm etmir.”
Buş Ağ Ev uğrunda yarışlarda Trampın Respublikaçı rəqiblərindən biri idi.