8 dekabr SSRİ-nin dağılmasının rəsmiləşdirilməsindən 25 il ötür

Bu gün 8 dekabr SSRİ - Sovet Sosialist Respublikaları İttifaqının dağılmasının rəsmiləşdirilməsindən 25 il ötür. Bu ittifaqın dağılması haqda sazişi Rusiya, Belarus və Ukrayna imzalayıb. Elə həmin gün də MDB - Müstəqil Dövlətlər Birliyini yaratmışdılar.

25 il əvvəl bu gün

SSRİ-nin dağılmasına imza atanlardan biri də 1991-ci ildə Belarus parlamentinin sədri Stanislav Şuşkeviç deyir ki, həmin vaxt saziş imzalanmasa idi Yuqoslaviya müharibəsi təkrarlana bilərdi:

"Sovet İttifaqı bizim görüşdən əvvəl, avqust çevrilişində artıq dağılmışdı. İndi Yuqoslaviya ssenarisinin təkrarlanması təhlükəsi yaranmışdı".

SSRİ-yə qayıtmaq istəyirlər

SSRİ-nin tərkibindən çıxmaq uğurunda Azərbaycanda da azadlıq hərəkatı başlamışdı. Həmin hərəkatının fəallarından olan Hikmət Hacızadə Azərbaycanın SSRİ-nin tərkibində olduğu illəri belə xatırlayır:

"Əhalinin 30 və ya 40 faizini qul durumuna salmışdılar. Onları zorla işlədirdilər, aclıq varıydı. Kəndçinin pasportu da yox idi. Onlar kənddən tərpənə bilməzdilər. Amma çox təəssüflər olsun ki, yenidən həmin dönəmə qayıdırlar. Eşitmişəm ki, müəllimləri, şagirdləri zorla pambıq sahələrinə aparıb işlədirlər".

SSRİ-nin əvəzinə nə quruldu?

Amma Hikmət Hacızadə əlavə edir ki, qurmaq istədikləri ölkə indiki Azərbaycan deyildi:

"Mən gözləyirdim ki, demokratiya, sosial azadlığı olsun. Azərbaycan da dünya demokratik düşərgəsinə qoşulsun, dünya bazarına çıxış olsun. Dövlətimiz sosial olsun. Yəni, dövlət kasıba, imkansıza kömək etsin. Ancaq yenə də SSRİ-dən yaxşıdı. Nəyəsə nail olmuşuq. Milli dövlətimiz var, tariximiz bərpa olub".

SSRİ-nin dağılması haqda isə bir mənalı fikirlər yoxdur. Kimi bu quruluşun dağılmasına sevinir, kimi isə əksinə təəssüflənir. Yazıçı Çingiz Abdullayev isə təzadlı bu fikri belə ifadə edir: "Kim ki, SSRİ-nin dağılmasına sevinir, onların ürəyi yoxdur. Kim ki, bərpasını istəyir, onların da ağılı".