Şri-Lankadan alınan xəbərdə deyilir ki, mosson yağışlarının səbəb olduğu sellər artıq 202 nəfərin ölümünə səbəb olub.
Ölkənin Fövqəladə Hallar Mərkəzinin son məlumatında hələ də 96 nəfərin itkin düşdüyü, 80 min nəfərə qədər insanın müvəqqəti sığınacaqlara köçürüldüyü deyilir.
Güclü sellərə və torpaq sürüşmələrinə səbəb olan yağışlar keçən həftənin sonunda başlayıb. Sellərin yüzlərlə bina və evi dağıtdığı, yolları sıradan çıxardığı, eləcə də kənd təsərrüfatına güclü ziyan vurduğu bildirilib. Sellər ümumilikdə 630 minə qədər insanı təsirinə məruz qoyub.
Şri-Lanka ordusu, hərbi dəniz və hərbi hava qüvvələri yardım və xilasetmə işlərində fəaliyyət göstərir. BMT, Birləşmiş Ştatlar, Çin, Yaponiya, Pakistan Avstraliya və Hindistan təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında Şri-Lankaya yardım edəcəklərinə söz verib.