Sərhədsiz Reportyorlar: Naxçıvanda jurnalistlərin təqibindən sarsılmışıq

Sərhədsiz Reportyorlar: Naxçıvanda jurnalistlərin təqibindən sarsılmışıq

“Sərhədsiz Reportyorlar” Naxçıvanda təhlükəsizlik xidməti əməkdaşlarının gəncin həbsdən sonrakı ölümünü və dindirilmək üçün MTN-ə çağırılmış daha dörd nəfərin yoxa çıxmasının səbəblərini araşdıran jurnalistləri təqib etməsindən sarsılıb.

Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” Jurnalistlərin Hüquqlarını Beynəlxalq Müdafiə təşkilatı Naxçıvanda - Azərbaycanın muxtar respublikasında təhlükəsizlik xidməti əməkdaşlarının gəncin həbsdən sonrakı ölümünün və dindirilmək üçün MTN-ə çağırılmış daha dörd nəfərin yoxa çıxmasının səbəblərini araşdıran jurnalistləri təqib etməsindən sarsılıb. “Demək olar ki, bütün informasiya mənbələrini ortadan qaldırdıqdan sonra Naxçıvan təhlükəsizlik xidməti tamamilə cəzasızlıq şəraitində insan hüquqlarını ağlasığmaz şəkildə pozur”, - deyə təşkilatın bəyanatında deyilir.
“Bir neçə müstəqil jurnalist bölgədə güclü təzyiq altında işləyir. Vətəndaşın saxlandıqdan sonra həbsdə ölümü və daha dörd nəfərin yoxa çıxması İnsan Hüquqları Bəyannaməsini imzalamış, Avropa Şurası və ATƏT-in üzvü olan Azərbaycan hökuməti üçün sınaqdır.
Bakıdakı mərkəzi hakimiyyət Naxçıvan üzərində suverenliyini və beynəlxalq öhdəliklərinə hörmətini nümayiş etdirmək istəyirsə, bütün zorakı metodlardan istifadə edən bölgə hakimiyyətini dərhal cilovlamalıdır”, -deyə sənəddə bildirilir.
Jurnalistlər Turac Zeynalovun ölümünü araşdırmağa çalışdıqda təzyiqə məruz qalıblar. Jurnalistlər onun qohumları ilə söhbət edəndə MTN əməkdaşları onların kameralarını və diktofonlarını əllərindən almağa çalışıblar.

Turan agentliyinin müxbiri Məlahət Nəsibova MTN zabitləri tərəfindən təhqir olunub və “xalq düşmənləri” ilə əməkdaşlıqda ittiham olunub. Bundan sonra o, dindirilmək üçün MTN-ə çağırılıb, amma getməkdən imtina edib. “Sərhədsiz Reportyorlar” onun təhlükəsizliyi ilə bağlı narahatlığını bildirir”, deyə bəyanatda qeyd edilir.
Turac Zeynalov avqustun 24-də MTN-ə çağırıldıqdan sonra geri qayıtmayıb. Qohumları növbəti gün nazirliyə gəliblər və onun öldüyünü öyrəniblər. Onun cəsədində, xüsusən başında, sifətində amansız döyülmə və işgəncə izləri olub. Lakin MTN onun “xərçəng xəstəliyindən” öldüyünü bildirib.
Zeynalovun ailəsi ölüm səbəbi haqqında heç bir tibbi arayış almayıb və onların məlumat verilməsi haqqında bütün sorğuları hakimiyyət tərəfindən susqunluqla cavablandırılıb.