Sərhədsiz Reportyorlar Azərbaycanda informasiya ombudsmanının təsis edilməməsini pisləyir

  • Əsgər Möhsümoğlu

Sərhədisz Reportyorlar prezident İlham Əliyevi "medianın düşməni" hesab edir

Mərkəzi qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycan hökumətinin ünvanına sərt bəyanatla çıxış edib. Jurnalistlərin hüquqlarını müdafiə edən qurum yanvarın 10-da açıqladığı bəyanatda xəbər və informasiya üçün ombudsman postunun yaradılması planının Azərbaycan parlamenti tərəfindən ötən il dekabrın 21-də ləğv edilməsini pisləyib.

Sənəddə qeyd olunur ki, bu addımın nəticəsi olaraq Azərbaycanda insanların müstəqil informasiyaya çıxışı məhdudlaşacaq. Sərhədsiz Reportyorlar rəsmi Bakının son qərarını media və jurnalistlərin hüquqlarının qorunması sahəsində "geriyə doğru addım" kimi qiymətləndirib. “Cəmi bir səs əleyhinə olmaqla parlament 2005-ci ildə Avropa Şurasının tövsiyəsi əsasında qəbul edilmiş konstitutsiya qanununa düzəliş edərək həm informasiya ombudsmanı, həm də informasiyaya ictimai çıxışı təmin edən institutun ləğvinə qərar verib,” deyə bəyanatda bildirilir.

Amerikanın Səsi radiosunun Azərbaycan xidmətinə şərh verən Sərhədsiz Reportyorlar təşkilatının Vaşinqton üzrə direktoru Klotild Le Koz Azərbaycan hökumətini növbəti dəfə beynəlxalq ictimaiyyətin çağrışılarını qulaqardına vurmaqda ittiham edib: “Azərbaycan yalnız beynəlxalq ictimaiyyəti məsxərəyə qoymur; bu, həmçinin göstərir ki, rəsmilər ölkədə informasiya əldə etməyə çalışanların səylərini heçə endirmək, bunu qeyri-mümkün etmək istəyir. Onların informasiya ombudsmanı institutundan imtina etməsi göstərir ki, onlar nə dərəcədə informasiyanı məhdudlaşdırmağa və xəbərlərin yalnız bir mənbədən qaynaqlanmasına çalışırlar”.

Sərhədsiz Reportyorlar hesab edir ki, hazırki ombudsman Elmira Süleymanova eyni zamanda vətəndaşlar və jurnalistlərin hüquqlarını effektiv şəkildə qoruya bilməz. Belə ki, insan haqlarının qorunması özü-özlüyündə kifayət qədər iş tələb edir və bir ombudsman müxtəlif sahələri əhatə edən vəzifələrin öhdəsindən gəlməyə qadir deyil. Bundan əlavə, təşkilat Elmira Süleymanovanı hökumətpərəst mövqe tutmaqda ittiham edir.

“Hazırkı ombudsmanın hökumət təmayüllü mövqeyi var, və bu hal Avropa Şurasının tövsiyələrinə uyğun gəlmir,” deyə sənəddə qeyd olunur. Sərhədsiz Reportyorlar təşkilatı obmudsman ofisinin tam müstəqil olmasının və lazımi qədər maliyyə resurslarına malik olmasının vacibliyini vurğulayıb.

Azərbaycan parlamentinə təqdim olunan düzəlişlər prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Təşkilatın sözçüsü Klotild Le Koz İlham Əliyevin fəaliyyətinin uzun müddət müstəqil medianın boğulmasına xidmət etdiyini deyib. Prezident Əliyevin bu yaxınlarda “jurnalistlərin dostu” mükafatına layiq görülməsi xəbərini isə xanım Le Koz kinayə ilə qarşılayıb.

“Nəzərə alanda ki, Eynulla Fətullayev kimi bir jurnalist həbsdədir, bu, acı lətifədir. Əslində bu, heç gülməli də deyil. Sərhədsiz Reportyorların gözündə İlham Əliyev medianın düşmənləri sırasındadır və bir neçə ildir ki, bu sırada yer alıb. Mən bu mükafatın nə olduğunu bilmirəm, amma jurnalistlər həbsdə qaldıqca o, jurnalistlərin dostu ola bilməz,” deyə o, qeyd edib.