“Bu gün 100 mln.-a yaxın tamaşaçının gözü ev sahiblərinin qonaqpərvərliyinin nümayiş etdirilməsinə yönələn “Eurovision”un keçirildiyi Azərbaycana dikilib.
Lakin digər bir məqam var və bu da ondan xəbər verir ki, hakimiyyət kobud və repressiv rejimi ört-basdır etmək, hakimiyyət üçün həssas olan məsələləri araşdırmağa cəhd edən və ya onu tənqid edən jurnalistlərin ağzını yummaq üçün hər şeyi edib. Blogerlər və beş jurnalist həbsxanalarda saxlanılır. Onların azadlıqda olan həmkarları isə təqib olunur, fiziki təzyiqlərə məruz qalır. Bütün bunlar ilk növbədə fikir azadlığını ifadə edən mahnı müsabiqəsi ilə necə uzlaşa bilər?”, - “Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatının bəyanatında deyilir.
Hakimiyyət paytaxta yaraşıqlı görkəm vermək, onu əcnəbilər üçün cəlbedici etməkdən ötrü yüz milyonlarla dollar vəsait xərcləyib. Ölkəni müasir, dinamik, yeni Dubay, investorlar üçün cənnət kimi təqdim etməkdən ötrü böyük səylər göstərilib.
“Lakin Azərbaycan jurnalistlər üçün cənnət deyil. İlham Əliyev və Vasif Talıbovun timsalında iki “mətbuatın qənimi”nin olduğu ölkə dünya üzrə mətbuat azadlığının səviyyəsinə görə 162-ci yeri tutur”, - bəyanatda qeyd olunur.
“Ərəb inqilabları”nın başlamasından sonra vəziyyət daha da pisləşib. Belə ki, hakimiyyət onun Azərbaycana yayılmasından qorxaraq müstəqil və müxalifət KİV-ə təzyiqləri artırıb.
“Avropa Yayım Birliyi təşkilatın bəyan etdiyi prinsip və dəyərlərə uyğun olaraq Azərbaycanda söz azadlığının ağır vəziyyəti ilə bağlı səsini ucaltmalıdır. Biz həmçinin bu hadisələri işıqlandıran 1600 jurnalisti sadalanan problemləri öz materiallarında əks etdirməyə çağırırıq. Azərbaycanın vətəndaş cəmiyyətinin və demokratik qüvvələrinin beynəlxalq birliyin dəstəyinə ehtiyacı var”, - sənəddə vurğulanır.
Hakimiyyət “ərəb baharı”ndan sonra müstəqil və müxalifət KİV-ə təzyiqləri artırıb.