“Sərhədsiz reportyorlar” Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı “Mətbuatın qənimi” siyahısını açıqlayıb. Buraya mətbuat azadlığını ən çox boğan dövlət, siyasi və hərbi xadimlər daxildir. Bu il siyahıya 38 nəfər daxil edilib. Onların arasında Azərbaycanın dövlət başçısı İlham Əliyev də var.
Təşkilatın məlumatında deyilir ki, Xu Dzin Tao və İlham Əliyev ərəb inqilablarının onların ölkələrinə keçəcəyindən ehtiyat etdiklərini gizlətmir. Bununla əlaqədar Azərbaycan hakimiyyəti söz azadlığının məhdudlaşdırılması və sosial şəbəkələrdə, ilk növbədə Facebook-da gənclərin fəallığının qarşısının alınması yönündə bəzi yeni addımlar atıb. Bu tədbirlər çərçivəsində bir neçə gənc fəal həbs olunub, bir neçə jurnalist oğurlanıb və qorxudulub, etiraz nümayişinin iştirakçıları isə döyülərək həbs edilib. Etiraz mitinqlərini işıqlandıran jurnalistlərə qarşı analoji tədbirlər görülüb.
Siyahıda MDB ölkələrindən Vladimir Putin, Ramzan Kadırov (Rusiya), İslam Kərimov (Özbəkistan), Aleksandr Lukaşenko (Belarus), Qurbanqulı Berdımühəmmədov (Türkmənistan) var.
Rəsmi Bakı Azərbaycanda söz və mətbuata azadlığının tam təmin edildiyini, ölkədə yüzlərlə media orqanın fəaliyyət göstərdiyini bəyan edir. Hökumət rəsmiləri bir qayda olaraq hüquq müdafiə təşkilatlarını Azərbaycana qarşı qərəzlilikdə günahlandırır.