İspaniyada bu əsrin ən dəhşətli təbii fəlakəti baş verib. Azı 158 nəfərin həyatına son qoyan dəhşətli daşqınlar kəndləri yerlə-yeksan edib. Axtarışlar davam etdiyi üçün ölənlərin sayı arta bilər. Belə ki, naməlum sayda insan itkin düşüb.
Baş verən dağıntılar orada güclü qasırğa və ya sunaminin vurduğu ziyana çox bənzəyir.
Ən azı 155 nəfərin öldüyü Valensiya bölgəsindəki onlarla şəhərdən biri olan Utiyelin küçələrində avtomobillərin, ağacların, elektrik xətləri və məişət əşyalarının palçıq təbəqəsi ilə örtüldüyünü görmək olub. Güclü sel dar küçələri ölüm tələlərinə çevirib və daşan çay suları evlərin birinci mərtəbələrinə dolub, avtomobilləri, insanları və qarşısına çıxan hər şeyi aparıb.
"Məhəllə dağılıb, bütün maşınlar bir-birinin üstündədir. Sözün əsl mənasında dağıdılıb" - deyə, Valensiyada Barrio De La Torre kəndindəki bar sahibi Kristian Viyena bildirib.
Region rəsmiləri çərşənbə günü axşam saatlarında helikopterlərin təxminən 70 nəfəri xilas etməsindən sonra damlarda və ya avtomobillərdə xilas edilməyə ehtiyacı olan heç kimin qalmadığını bildirib. Lakin xilasetmə işçiləri və sakinlər sel nəticəsində zədələnmiş avtomobillərə və evlərə baxış keçirməyə davam edib.
İspaniyanın baş naziri Pedro Sançez dağıntıların miqyasını görmək üçün bölgəyə yola düşür. Ölkədə isə üç günlük rəsmi matəm başlayır.
Minlərlə insan susuz və işıqsız qalıb. Yüzlərlə insan isə avtomobilləri dağıldığı və ya yollar bağlandığı üçün orada ilişib qalıb. Bölgə qismən təcrid olunmuş vəziyyətdədir. Belə ki, bir neçə yol və dəmir yolu xətləri bağlanıb. Buna Madridə aparan yüksək sürətli dəmir yolu xidməti də daxildir ki, rəsmilər onun hələ bir neçə gün bərpa olunmayacağını deyib.
Fırtına ən çox Valensiyaya ziyan vurub. Bununla belə qonşu Kastilya-La Mança bölgəsində iki nəfərin, cənundakı Andalusiyada da bir nəfərin öldüyü bildirilib.