İspaniyada qocalar evində baş verən yanğında 6 nəfər ölüb, 17 nəfər yaralanıb

İspaniyanın yanğınsöndürmə rəsmiləri çərşənbə günü səhər saatlarında Valensiya ətrafında qocalar evində baş verən yanğında 6 qocalar evi sakininin öldüyünü və ən azı 17 nəfərin yaralandığını bildirib.

Valensiya regional yanğınsöndürmə idarəsi yanğının çərşənbə axşamı günü Valensiyadan təxminən 12 kilometr şimalda yerləşən, Monkada şəhərindəki ictimai qocalar evində başladığını bildirib. Yanğınsöndürmə idarəsi Twitter-də bildirib ki, yanğını kontrol edə bilmək üçün iki saat lazım olub. Ərazinin bir neçə yanğınsöndürmə idarəsi yanğına müdaxilə edib.

Valensiya yanğınsöndürmə rəisi Xose Basset İspan mediasına verdiyi açıqlamada alov və tüstünün binanın bütün hissələrinə təsir etdiyini söyləyib. Onun sözlərinə görə, rəsmilər yanğının iki sakinin cəsədinin tapıldığı birinci mərtəbədəki otaqda başladığına inanırlar.

Yanğınsöndürənlərin dediyinə görə, qocalar evinin ən azı 70 sakinindən 25-ə yaxını xilas edilib. Regional səhiyyə rəsmiləri bildiriblər ki, qurbanlardan beşi hadisə yerində, altıncısı isə xəstəxanada dünyasını dəyişib. 17 sakin xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

Basset bildirib ki, səlahiyyətlilər yanğına oksigen çənli elektrik mexanizminin səbəb ola biləcəyinə inanırlar, lakin dəqiq səbəb araşdırılır.

Monkada şəhər rəsmiləri yanğında həlak olanlar üçün bir dəqiqəlik sükut və üç günlük matəm elan edib.

İspaniya prezidenti Pedro Sançes yanğın xəbərini eşitdiyini Tvitter hesabında yazıb və ölənlərin ailələrinə başsağlığı verib və yaralananlarla bağlı narahatlığını bildirib.