Azərbaycanda soyuqdur, yollar buz bağlayıb

Bakıda qar

Fevralın 20-dən Azərbaycanda qeyri-sabit, soyuq hava şəraiti hökm sürür. Bakıda qarlı, çovğunlu hava var.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi respublikanın bir sıra avtomobil yollarında buzlaşmaya olduğunu bildirir.Belə ki, Siyəzən- Dəvəçi, Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala, Ağsu aşırımı, Muğanlı-İsmayıllı,Cəlilabad-Masallı, Lənkəran-Lerik istiqamətlərində yollarda buzlaşma qeydə alınıb. Bu yollardan avtomobillərin hərəkəti çətinləşib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi isə əhaliyə müraciət edib.

Soyuq hava

“Əhalidən və avtomobil sahiblərindən xahiş olunur ki, şəxsi maşınla yola çıxmasınlar, ictimai nəqliyyatdan istifadə etsinlər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə fevralın 23-dən başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək.

Fevralın 23-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək. Gecə 3-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Gecə yollar buz bağlayacaq.

Bakıda qar

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacaq, sulu qar və qar yağacaq. Gün ərzində əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 9-14, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Sabahdan ölkə üzrə temperaturlar yüksəlməyə başlayacaq.