Cənubi Afrikada zəhərli qaz sızması nəticəsində 3-ü uşaq olmaqla, 16 nəfər ölüb

Cənubi Afrika polisinin çərşənbə günü verdiyi məlumata görə, Yohannesburq yaxınlığında bir silindrdən zəhərli qaz sızması nəticəsində 3-ü uşaq olmaqla, azı 16 nəfər ölüb.

Axtarış-xilasetmə qrupları itkilərin miqyasını müəyyənləşdirməyə çalışır.

Cənubi Afrika Polis Xidməti bildirib ki, insident Yohannesburq yaxınlığındakı Boksburq şəhərindəki qeyri-rəsmi yaşayış məntəqəsində baş verib.

Təcili yardım xidmətinin sözçüsü Uilyam Ntladi bildirib ki, ölümlərə Ancelo qəsəbəsindəki daxmada saxlanılan qaz balonundan sızma səbəb olub. Onun sözlərinə görə, sızma dayanıb və qruplar daha çox itki olub-olmadığını yoxlamaq üçün silindrin ətrafındakı 100 metr radiusda axtarış aparır.

Ntladinin dediyinə görə, cəsədlər hələ də "bölgədə və onun ətrafında"dır və məhkəmə-tibb ekspertizası və patoloqlar hadisə yerinə gedir.
"Biz onlara toxuna bilmərik. Cəsədlər hələ də olduqları yerdədir" - deyə Ntladi bildirib.

Polis ölən 3 uşağın 1, 6 və 15 yaşlarında olduğunu deyib. Polisdən verilən məlumata görə, 2 nəfər xəstəxanaya aparılıb.

Boksburq Milad bayramı ərəfəsində mayeləşdirilmiş neft daşıyan yük maşınının körpünün altında partlaması nəticəsində 41 nəfərin öldüyü şəhərdir.

Yohannesburq ətrafındakı qızılla zəngin ərazilərdə qeyri-qanuni mədənçilik geniş yayılıb.