Noyabrın 20-də Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayışla bağlı cinayət işi açılıb.
Bu barədə Gəncə Şəhər Prokurorluğundan bildiriblər.
Məlumata görə, partlayış olayı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri üzrə araşdırılacaq.
Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış zamanı 3 nəfər ölüb, bir nəfərin ağır xəsarət alıb. Olayın ilkin olaraq qaz sızmasından baş verdiyi ehtimal edilir.
Azərbaycanda təbii qaz sızması nəticəsində baş verən partlayışlar, yanğınlar və insan ölümü ilə bağlı statistika aparılmır. Bununla yanaşı hər il qaz sızması nəticəsində baş verən insan ölümləri ilə bağlı yerli mediada çoxsaylı xəbələr yer alır. Müşahidələr göstəriri ki, qaz sızması nəticəsində baş verən facilərin əksəriyyəti vətəndaşların fərdi mənzillərində olur. Belə ki, qaz sızması nəticəsində boğulmalar, yanğınlar və partlayışlar nəticəsində onlarla insan dünyasını dəyişir və ya xəsarət alır.