ABŞ və Azərbaycan Ağcabədidə su təminatını yaxşılaşdırır

Su təminatı layihəsi

Martın 14-də ABŞ və Azərbaycan hökumətlərinin birgə layihəsi sayəsində Ağcabədi rayonunun Köyük kənd sakinləri kəndin suya çıxışını yaxşılaşdıran su təminatı layihəsinin başa çatmasını qeyd edib. Bu barədə ABŞ səfirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, kəndin 900-dən çox sakini uzun müddətdir evlərində su çatışmazlığı ilə üzləşib.

“Gündəlik su ehtiyaclarını ödəmək üçün qadınlar və uşaqlar suyu uzaqda yerləşən artezianlardan gətirməli olurdu. Yeni su sisteminin qurulması ilə indi onlar suyu evlərinə yaxın yerləşən su kranlarından əldə edə biləcək”.

Layihə Amerika xalqı adından fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti adlı proqramı çərçivəsində icra olunub.

USAID-in tərəfdaşı olan Şərq-Qərb İdarəetmə İnstitutunun (EWMI) texniki köməyi ilə Köyük icma üzvləri yeni 25 tonluq su çəni, su nasosu, habelə 2750 metr uzunluğunda yeni su boruları, ümumi istifadə üçün 1 su kranı və 201 ailənin su təminatını yaxşılaşdırmaq üçün 17 paylama nöqtələri quraşdırıb.

ABŞ və Azərbaycan 102 müxtəlif icmada 117 icma layihəsi həyata keçirib. Bu layihələrdən 190 000-ə yaxın insan faydalana bilir.