ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) fevral 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində (Bakıdan 310 kilometr cənub-qərb) yeni yem emalı məntəqəsinin rəsmi açılışını edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat üçün açıqlamasında deyilir.
Məlumatda bildirilir ki, yeni yem emalı və toxum təmizləmə məntəqəsi Cocuq Mərcanlı və ətraf kənd sakinlərinə mal-qara üçün yem hazırlamağa kömək edəcək.
“Yem emalı məntəqəsi açılmamışdan öncə sakinlərin əksəriyyəti çox hallarda baha başa gələn yemi almaq üçün ən yaxın məntəqəyə uzun yol qət etməli olurdular. İndi isə yerli sakinlər yemi münasib qiymətə öz icmalarında əldə edə biləcəklər. Bu yeni məntəqə Cocuq Mərcanlı və ətraf üç kəndin maldarlıq və kənd təsərrüfatı ilə məşğul olan 3100-dən çox sakinin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək”, xəbərdə deyilir.
Həmin yem emalı məntəqəsini tikmək ideyası USAID-in missiya direktoru Mikaela Meredisin 2017-ci ilin fevralında Cocuq Mərcanlı kəndinə səfərindən sonra kənd sakinlərinin özlərindən gəlib. Yerli icma üzvləri mümkün variantları və faydaları müzakirə edib yem emalı məntəqəsini tikmək qərarına gəldilər.
Bu layihə ABŞ və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşərək Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) tərəfindən həyata keçirilib.
“Cocuq Mərcanlıda həyata keçirilmiş layihə ABŞ-ın azərbaycanlılarla, o cümlədən məcburi köçkünlərlə onların firavanlığı və rifahı istiqamətində davamlı işinin bir çox nümunələrindən biridir”, səfirlik bildirir.
2011-ci ildən ABŞ və Azərbaycan 100 müxtəlif icmada 113 icma infrastruktur layihəsi tamamlayıb. Bu layihələrdən məcburi köçkünlər də daxil olmaqla, 183 000-ə yaxın insan faydalana bilir. 2003-cü ildən ABŞ məcburi köçkün uşaqlarına da xidmət edən 16 məktəb tikintisinə və məcburi köçkünlərin yaşadığı icmalarda 3 su layihəsinə 5.5 milyon ABŞ dolları xərcləyib. Bu günə qədər ABŞ hökuməti Azərbaycanda məcburi köçkünlərə yönəlik yardıma 125 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.
“ABŞ Azərbaycanın güclü tərəfdaşı olub və olmaqda davam edir”, məlumatda qeyd edilir.