Məcburi köçkünlərin bir qisminin kommunal xərcləri yenidən köhnə qayda ilə ödəniləcək

Məcburi köçkün yataqxanası

Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar dövlət hesabına mərkəzləşmiş qaydada ödəniləcək.

Bu barədə prezident İlham Əliyevin fevralın 14-də imzaladığı fərmanda deyilir.

Fərmana görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği fevralın 1-dən 20 manat müəyyən edilib.

Prezident İlham Əliyev bu il yanvarın 24-də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət verilməsi barədə fərman imzalamışdı. Fərmanda həmçinin məcburi köçkünlərin yaşadığı mənzillərdə elektrik, qaz və su sayğaclarının quraşdırlması əksini tapmışdı.

Bir sıra hallarda sayğacların quraşdırlması ya mümükün olmayıb (məsələn, bəzi yataqxanalarda mətbəxlər, hamamlar və digər kimmunal sahələr ümumidir), ya da narazılıqlara səbəb olub.

Göründüyü kimi prezidentin imzaladığı yeni fərman 24 yanvar fərmanına bir sıra düzəlişləri nəzərdə tutur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda 1 milyon 200 min qaçqın və məcburi köçkün var. Qeyri-rəsmi məlumatlıara görə, onların 700 mindən çoxu məcburi köçkündür.

Son illərdə dövlət vəsaiti hesabına məcbuiri köçüknlər üçün 95 müasir qəsəbə tikilib, 250 min qaçqın və məcburi köçkün yeni mənzillə təmin olunub, 350 min qaçqın və məcburi köçkünün isə köçürülməsinə ehtiyacı var.