Avropa Komissarı Avropa Məhkəməsini Azərbaycanda vəkilləri müdafiə etməyə çağırıb

Nils Mujnieks

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks "Üçüncü tərəf" hüququndan istifadə edərək, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət göndərib, bu barədə Avropa Komissarı katibliyinin Amerikanın Səsinə göndərilmiş məlumatında deyilir.

Müraciət AİHM-də vəkil Xalid Bağırovun vəkillik səlahiyyətlərindən məhrum edilməsi ilə bağlı Azərbaycana qarşı şikayətinə baxılması ilə bağlıdır.

Vəkilin təqib olunmasına səbəb insan hüquqlarının müdafiəsində fəal iştirakıdır, bilavasitə səbəb isə vəkilin 2014-cü ilin sentyabrında Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədovun işi üzrə prosesdə iradları olub.

Avropa Komissarı öz müraciətini onunla əsaslandırıb ki, Xalid Bağırov məşhur hüquq müdafiəçiləri və ictimai xadimlər Leyla və Arif Yunusun, Rəsul Cəfərovun və Hilal Məmmədovun hüquqlarını müdafiə edirdi. O həmçinin Xədicə İsmayılovanı müdafiə etməyə hazırlaşırdı, amma lisenziyadan məhrum edildi.

Avropa Komissarı qeyd edir ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət ciddi narahatlıq doğurur.

Tənqidi səslərə qarşı repressiyalar, məhkəmə təqibləri Azərbaycanda geniş yayılmış haldır.

Avropa Komissarı hesab edir ki, "Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində öz öhdəliklərini yerinə yetirmək iqtidarında deyil".

Avropa Komissarı həmçinin rəsmi Bakının AİHM-nin qərarlarına məhəl qoymaması faktını qeyd edir, məsələn, İlqar Məmmədovun işi və ya AİHM-yə vermək üçün onlarla iş hazırlayan vəkil İntiqam Əliyevin sənədlərinin müsadirəsi, yaxud Əlaif Həsənovun təqib olunması.

Vəkillərin öz öhdəliklərinin icrasından kənarlaşdırılması siyasəti hakimiyyətin onların peşə öhdəliklərinin qarşısını almaq üçün alətidir. Bunda ən çox insan hüquqları və görkəmli hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi sahəsində işləyən hüquqşünaslar əziyyət çəkir, deyə müraciətdə qeyd olunur.