Ötən ay 2 minə yaxın əcnəbi Azərbaycandan çıxarılıb

Dövlət Miqrasiya Xidməti

2015-ci ilin iyun ayı ərzində 2108 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumatın a görə, onlardan 20-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 137 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1653 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərketmələri, 298 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Məlumata görə ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 69947 əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı, işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 20 sahibkarlıq subyektində yoxlamalar aparılıb.

Keçirilmiş tədbirlər nəticəsində 19 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.