Yük avtomobilləri və qeyri-Bakı nömrəli avtomobillər paytaxta buraxılmayacaq

Avtomobillər

Hələlik paytaxtda «Oyunlar zolağı», yük avtomobilləri və qeyri-Bakı nömrəli avtomobillərlə bağlı qadağalar qüvvəsində qalacaq.

Bunu Trend agentliyinə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib:

«Nə qədər ki, müvafiq yol nişanları yerindədir, yollarda «Bakı 2015» Avropa Oyunları üçün ayrılmış sarı zolaqlarla əlaqədar qaydalar qüvvəsindədir, sürücülər bu «Oyunlar zolağı» qaydalarına əməl etməlidirlər. Əks halda, qanuna müvafiq qaydada yenə cərimələnəcəklər».

O deyib ki, hazırda qeyri-Bakı qeydiyyatlı nəqliyyat vasitələrinin, eləcə də yük avtomobillərinin gündüz vaxtı paytaxta buraxılmasına qoyulan məhdudiyyətlər davam edir:

«Bu məhdudiyyətlərlə əlaqədar hazırda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında müzakirələr aparılır. Nazirlər Kabinetində yeni qərar qəbul edilənədək bu məhdudiyyətlər qüvvəsində qalacaq. Hökumətin adıçəkilən məsələ ilə bağlı qərarının yaxın bir neçə gün ərzində veriləcəyi gözlənilir».

K.Əliyev bildirib ki, bu müddət uzadıla da bilər:

«Bu gün əhalinin, Bakı sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, eləcə də paytaxtda nəqliyyat sıxlığının minimuma endirilməsi məqsədilə zəruri tədbirlərin keçirilməsinə ehtiyac var. Bu səbəbdən də hazırda Komissiyada müvafiq müzakirələr aparılır. Komissiyanın qərarı açıqlananadək bu məhdudiyyətlər qüvvəsində qalacaq».

Avropa Oyunlarından əvvəl bu məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyi bildirilmişdi.