Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxarıla bilər

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxarıla bilər

Beynəlxalq idarə heyəti ölkədə vətəndaş cəmiyyətinin təşəbbüsdə iştirakının məhdudlaşdırılmasından narahatdır

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatından çıxarıla bilər. Məsələ oktyabrın 14-15-də qurumun beynəlxalq idarə heyətinin Myanmanın paytaxtı Yanqon şəhərində keçiriləcək toplantısında müzakirə ediləcək.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyətinin üzvü Qubad İbadoğlu Amerikanın Səsinə bildirib ki, Yanqon şəhərində keçiriləcək toplantıda Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqi məsələsi müzakirə ediləcək.

“Bu prosesdə vətəndaş cəmiyyətinin iştirakına xüsusi önəm verildiyindən beynəlxalq idarə heyətinin Meksikada olan sonuncu toplantısında Azərbaycana xüsusi missiya göndərilib. Bu missiyanın dəyərləndirmə hesabatı da Yanqon toplantısında təqdim ediləcək. Hesabatın müzakirəsi əsasında qərar veriləcək. Hesabatda 3 variant var: ölkənin təşkilatdan çıxarılması, fəaliyyətinin müvəqqəti dayandırılması, ölkəyə erkən dəyərləndirmə missiyasının göndərilməsi”.

Onun fikrincə Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin təşəbbüsdə iştirakına, ictimai debatlara şərait yaratmalıdır.

“Azərbaycan öhdəliklər də götürüb. Ancaq son zaman vəziyyət dəyişib, vətəndaş cəmiyyətinin təşəbbüsdə iştirakı məhdudlaşdırılıb. Bu beynəlxalq idarə heyətini narahat edir”.

Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası ölkənin bu təşəbbüsdən çıxarılmasının əleyhinədir.

“Bununla bağlı yaxın günlərdə bəyanatımızı verəcəyik. Hesab edirik ki, Azərbaycan bu təşəbbüsdə qalmalıdır. Sadəcə olaraq Azərbaycan hökuməti təşəbbüsdə vətəndaş cəmiyyətinin iştirakı ilə bağlı əlverişli mühitin yaradılması üçün öhdəlik götürməlidir”, o qeyd edib.

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır.

MHŞT 2002-ci ilin sentyabrında Yohannesburqda Dayanıqlı İnkişaf üzrə Dünya Sammitində bəyan edilib. Təşkilatın 12 əsas prinsipi üzrə iki şərt müəyyən edilib. Bunlar hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər ödədiyi və hasilat sənayesi ilə məşğul olan ölkələrin hökumətləri isə aldıqları vəsaitləri dərc etməlidir.

2003-cü il iyunun 17-də Londonda keçirilən MHŞT üzrə 1-ci Beynəlxalq Konfransda Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan edib.