Mustafa Abbasbəyli: Sığorta bazarı hər il 10-15 faiz genişlənir [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Mustafa Abbasbəyli: Sığorta bazarı hər il 10-15 faiz genişlənir

Sığorta məsələləri üzrə ekspert Amerikanın Səsinə müsahibəsində sığorta bazarında durumdan danışıb

Sığorta məsələləri üzrə ekspert Mustafa Abbasbəyli Amerikanın Səsinə müsahibəsində ölkədə sığorta bazarı və bu sahədə problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda daha çox hansı sığorta növlərindən istifadə olunur? Sığorta risklərin neçə faizini qarşılaya bilir?

Azərbaycanın sığorta bazarının ümumi dəyəri 500 milyon (manat) civarındadır.

Mustafa Abbasbəyli: Azərbaycanda hal-hazırda ən çox yayılan sığorta növü nəqliyyat sahiblərinin icbari sığortasıdır. Bu təxminən 100 milyon dəyərində olan bir sığorta növüdür. Nəzərə alsaq ki, Azərbaycanın sığorta bazarının ümumi dəyəri 500 milyon (manat) civarındadır. Bu, bazarın təxminən 20 faizini təşkil edir.

Daha sonra, daha çox yayılmış sığorta növlərindən tibbi sığortanı, nəqliyyat vasitələrinin (kasko dediyimiz) ümumi sığortasını və digər sığorta növlərini demək olar.

Amerikanın Səsi: Əhali sığorta şirkətlərinə etibar edirmi? Sosial şəbəkələrdə sığorta şirkətlərinin sığorta hadisəsindən sonra ödəmənin azaldılması və ödəmədən yayınma halları ilə bağlı şikayətlər yer alır. Buna səbəb nədir?

Sığorta şirkətlərinin göstərdiyi xidmətlər təkcə onların özlərindən asılı deyil.

Mustafa Abbasbəyli: Bunu belə demək olar, - bunun obyektiv və subyektiv səbəbləri var. Bəzi sığorta şirkətləri (təbii ki, bunu hamısına aid etmək doğru deyil) bunu haqlı səbəblərdən etdiyini deyir. Amma, əksər sığorta şirkətlərində, nüfuzlu və böyük sığorta şirkətlərində də bu obyektiv səbəb kimi qiymətləndirilir. Belə ki, sığorta şirkətlərinin göstərdiyi xidmətlər təkcə onların özlərindən asılı deyil. Burada Dövlət Yol Polisinin də müdaxiləsi var. Tibbi sığortada klinikaların da müdaxiləsi var və sair. Yəni, sığorta şirkəti göstərdiyi xidmətin keyfiyyətinə görə şirkət olaraq yeganə cavabdeh deyil. Bu baxımdan bəzi hallarda tək sığorta şirkətindən deyil, tutaq ki, müştəri Dövlət Yol Polisindən narazı olduğu halda da iradını sığorta şirkətinə bildirir. Bu baxımdan bəzi iradları haqlı, bəzi iradları isə haqsız saymaq olar.

Amerikanın Səsi: Ölkədə həyat riskləri ilə bağlı sığorta sistemi inkişaf edibmi? İcbari səhiyyə sığortasının həyata keçirilməsi prosesi necədir?

Həyat sığortası son illərdə kifayət qədər inkişaf etməkdədir.

Mustafa Abbasbəyli: Həyat sığortası son illərdə kifayət qədər inkişaf etməkdədir. Hal-hazırda bununla məşğul olan üç sığorta şirkəti var. Sığorta bazarının inkişaf dinamikasına baxsaq hər il ümumi sığorta yığımlarında həyat sığortasının yığımı artmaqdadır. Bununla bağlı qanunvericilik güzəştləri də mövcuddur. Bu baxımdan inkişaf labüddür. Qanunvericilikdə üç ildən daha çox olan vergi və digər sosial sığorta ayırmaları həyat sığortasına yönləndirildiyi təqdirdə vergidən azad olunur. Bu çox böyük bir üstünlükdür. Hesab edirəm ki, həyat sığortasının inkişafına ən çox təkan verən amil budur. İcbari tibbi sığortanın inkişafı ilə bağlı hazırda İcbari Tibbi Sığorta Agentliyi fəaliyyət göstərir. Son iki ildə agentliyin fəaliyyəti kifayət qədər genişlənib. Hazırda ölkənin iki regionunda, Yevlax və Mingəçevirdə pilot layihə həyata keçirilir. Növbəti ildən bu layihənin bütün Azərbaycanı əhatə etməsi gözlənilir.

Amerikanın Səsi: İcbari sığorta ölkədə hansı riskləri əhatə edir? Bu sahədə sığorta ödənişləri insanları qane edirmi?

Bunların içində ən geniş yayılanı nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır.

Mustafa Abbasbəyli: “İcbari sığorta” haqqında qanun mövcuddur. Bu qanun beş sığorta növünü özündə birləşdirir. Bunlar, - nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır, əmlakın sığortasıdır, əmlakın istismarı nəticəsində üçüncü şəxslərə vurulan zərərlərin sığortasıdır, sərnişinlərin icbari sığortasıdır və istehsalatda baş verən bədbəxt hadisələrdən sığortadır. Bunların içində ən geniş yayılanı nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır. Bu sığorta nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsə vurulan zərərləri ödəyir. Burada limitlər belədir, bir hadisə üzrə bir avtomobilə 5 min manatadək məbləğində məsuliyyət ödənilir və səhhətə dəyən zərərə görə 10 nəfərin hər birinə 5 min olmaqla ümumilikdə 50 min manatlıq bir məsuliyyətdən söhbət gedir. Ümumilikdə 55 min manat sığorta ödənişinin ödənilməsindən söhbət gedir. Bu ödənişlər əvvəllər min manat idi. Belə ki, indi beş min manatdır, əvvəlki ödənişlə nisbətdə kifayət qədər böyükdür. Bu, həm də hazırda vurulmuş zərərlərin böyük əksəriyyətini əhatə edir.

Amerikanın Səsi: Amma elə avtomobillər var ki, onun yalnız bir detalının qiyməti beş min manatdan çoxdur. Belə olan halda nə edilməlidir?

Mustafa Abbasbəyli: Bu ümumi nisbətdə çox az rəqəm təşkil edir. Amma, belə olan halda mülki qanunvericiliyə əsasən zərər vurmuş şəxs dəymiş zərəri ödəməlidir. Yəni sığorta şirkəti beş min manatlıq öhdəliyini ödəyib limitini bitirir, beş min manatdan yuxarı məbləği isə zərər vuran zərər çəkənə mülki qaydada ödəməlidir.

Amerikanın Səsi: Azərbaycanda sığorta fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılırmı? Fərqli və oxşar cəhətlər nədir?

Təəssüf ki, ümumi daxili məhsulda sığorta həcmi beynəlxalq səviyyədə deyil. Təxminən bir faiz civarındadır.

Mustafa Abbasbəyli: Təbii ki, uyğunlaşdırılır. Çünki, Azərbaycan sığorta bazarı nisbətən gənc bazardır. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, 1991-ci ildən sonra, ilk sığorta şirkətləri təxminən 1995-ci ildə yaranmağa başlayıb. Özəl sığorta şirkətləri də öz məhsullarını təqdim edərkən xarici təcrübədən kifayət qədər geniş istifadə edir. Azərbaycan sığorta qanunvericiliyində də bir çox xarici ölkələrin təcrübəsindən istifadə edilib. Mən deyərdim ki, qanunvericilik kifayət qədər təkmildir. Mütəmadi olaraq təkmilləşdirilir. Hal-hazırda sığorta qanunvericiliyi sahəsində sığorta şirkətlərinin inkişafının qarşısını alacaq ciddi bir səbəb yoxdur. Bazar yenə inkişaf edir. Təəssüf ki, ümumi daxili məhsulda sığorta həcmi beynəlxalq səviyyədə deyil. Təxminən bir faiz civarındadır. Amma, illəri götürsək hər il 10-15 faiz sığorta bazarı artmaqdadır. Hal-hazırda 500 milyon manat təşkil edir.

Amerikanın Səsi: Bir sıra xarici ölkələrdə avtomobil qəzasından sonra və ya evlərdə baş verən qəzalardan sonra sığorta şirkəti zərərçəkən tərəfə avtomobil və ya ev verir. Avtomobil və evin təmiri başa çatanadək zərərçəkən tərəf istifadə edir. Azərbaycanda bu təcrübə yayılıbmı?

Bizim sığorta tarifləri ilə qərb dövlətlərinin sığorta tariflərini müqayisə etsək, bizdə sığorta tarifləri təxminən dəyərin 3-4 faizi civarındadır.

Mustafa Abbasbəyli: Bu avtomobillərin tam sığortası növüdür. İcbari sığortada belə bir təcrübə yoxdur. Bəzi sığorta şirkətləri bu xidmətdən istifadə edir və avtomobil təklif edir. Onu da deyim ki, bizim sığorta tarifləri ilə qərb dövlətlərinin sığorta tariflərini müqayisə etsək, bizdə sığorta tarifləri təxminən dəyərin 3-4 faizi civarındadır. Rusiyada bu nisbət təxminən 9 faizdir. Əksər Avropa ölkələrində, xüsusilə Almaniyada 20 faizdir. Təsəvvür edin ki, 100 min manatlıq avtomobilə biz cəmi 3 min manat sığorta haqqı alırıqsa, Almaniyada 20 min manat alınır. Bunun müqabilində də sığorta şirkətləri müştərilərə daha çox xidmətlər göstərə bilər. Azərbaycanda bu nisbətləri tətbiq etmək bu gün doğru olmaz. Çünki müştərilər buna hazır deyil. Zamanla bu nöqtəyə gəlinməlidir. O nöqtəyə gəldikdən sonra təbii ki, xidmətlər də o səviyyəyə uyğun olar.