`Sosial dövlət modelinə ziddir`, `fəlakətdir`, `dişsiz plan` - hökumətin işsizlərə birdəfəlik ödəmələrinin şərtlərinə münasibət

İşsizlərə birdəfəlik yardım veriləck

Azərbaycan Nazirlər Kabineti işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib.

Ödəmələrin şərtləri

Nazirlər Kabineti birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydalarını da müəyyən edib.

Sənəddə deyilir ki, dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

- əmək pensiyaçılarına;

- aylıq müavinət alanlara;

- aylıq təqaüd alanlara;

- özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

- işsizlikdən sığorta ödənişi alanlara;

- peşə hazırlığına görə təqaüd alanlara;

- 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

- əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;

- əri və ya arvadı ödəniş alan şəxslərə.

Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək.

Nazirin sözlərinə görə, sosial sahədə dayanıqlığın qorunması üçün ümumilikdə istifadə olunacaq vəsait 394 milyon manatdır.

Əgər ailənin hər hansı üzvü dövlətdən hansısa dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək.
Sahil Babayev, nazir

Babayev xatırladıb ki, ailənin bir üzvü işləyirsə, əmək haqqı alırsa, digər üzvünə bu məbləğin verilməsinə ehtiyac yoxdur: "Əgər ailənin hər hansı üzvü dövlətdən hansısa dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün şəkildə istifadə etməliyik. Son 2 gündə on minlərlə müraciət emal edilib".

Qubad İbadoğlu

Qubad İbadoğlu: Cərimə edəndə hər kəsi edirlər, yardım verəndə ailənin digər üzvünü nəzərə almırlar

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu nazirin açıqlamasını `absurd` adlandırıb.

“Nazirin bu absurd açıqlamaları həm Azərbaycan konstitutsiyasında təsbit olunan sosial dövlət modelinə, həm də bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığ və rifahı durur bəyanatını verən İlham Əliyevin açıqlamalarına ziddir. Necə ola bilər ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət kiminsə adına torpaq payı varsa digər üzvlərə birdəfəlik yardım verilməyəcək?
Əvvala, necə olur ki, cərimə edəndə hər kəsi edirlər, yardım verəndə isə ailənin digər üzvünün vəziyyətini nəzərə alırlar?” ekspert sual edib.

Nazirin bu absurd açıqlamaları həm Azərbaycan konstitutsiyasında təsbit olunan sosial dövlət modelinə, həm də bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığ və rifahı durur bəyanatını verən İlham Əliyevin açıqlamalarına ziddir.
ADR Hərəkatının sədri

O deyib ki, işsizlik sığortası müainəti dövlət büdcəsindən deyil, işizlik sığortası Fondundan ayrılır.

“1 yanvar 2018-ci ilən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Qanuna görə, işsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir. Hər ay işəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində Fonda vəsait ödəyirlər. Bu il üçün işçilərin və işə götürənlərin ödəmələri hesabına formalaşan İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400 manat təsdiq olunub ki, onun da yalnız 5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edir. Bax sosial ədalət burda pozulub. Büdcə müzakirələri dövründə mən bu məsələni qaldırsam da nəzərə alınmadı. Heç olmazsa hazırkı şəraitdə, əhalinin bu çətin günlərində bunu nəzərə alın, işzilərin hamısınına sığorta müavinəti vermək aztəminatlı vətəndaşına dəstək olmaq dövlətin ümdə vəzifəsidir.”

İqtisads elmləri doktoru sual edir ki, bütün tədbirlərdə ağız dolusu danışılan 52 milyard dollar valyuta rezervi hardadır, indiki çətin gündə də xərclənməyəcəksə o nəyə lazımdır, onu nə vaxta saxlayırlar, nəyi gözləyirlər?

“Gözləyirlər ki, dəyərini tam itirsin. Amma bizim gözləməyə vaxtımız yoxdur, biz birlikdə aztəminatlı təbəqənin maraqlarının müdafiəsini sonadək aparacagıq və əminəm ki, əvvəl-axır istəyimizə də nail olacagıq. Odur ki, dayanmırıq, davam edirik,” ekspert qeyd edib.

İlqar Məmmədov

İlqar Məmmədov: Sorğusuz-sualsız karantinin hər ayına görə 200 AZN yardım göstərilməlidir

ReAL Pariyasının sədri İlqar Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin dediklərini `fəlakət` adlandırıb.

“Sahil Babayevin mətbuat konfransına baxdım. Bu bir fəlakət idi. "Sosial müdafiə polisinin kiçik serjantı" kimi danışırdı.

Bu bir fəlakət idi. "Sosial müdafiə polisinin kiçik serjantı" kimi danışırdı.
İlqar Məmmədov, ReAL Partiyasının sədri

Əmək və sosial müdafiə naziri siyasətçi vəzifəsidir, bürokrat, mühasib ya da polis vəzifəsi deyil. Nazir - iradəli siyasətçi olmalıdır, icraçı yox. Birdəfəlik etiraf etsin ki, karantinlə bağlı sosial müdafiə sistemi ölkədə yox dərəcəsindədir. Özünə sığışdırmırsa, lap istefa versin.

İlk gündən dediyimi təkrar edirəm: vətəndaşı karantinə oturdan neftlə zəngin Azərbaycan dövləti hər vətəndaşa sorğusuz-sualsız karantinin hər ayına görə 200 AZN yardım göstərməlidir. Sırf sosial müdafiə baxımından bu böhrana başqa cavab yoxdur. Böhranın digər tərəflərini isə müxtəlif iqtisadi siyasət tədbirləri ilə yoluna qoymaq olar,” o facebook səhifəsində yazıb.

Nemət Əliyev

Nemət Əliyev: Karantin rejimi dolanışığı günəmuzd işdən çıxan on minlərlə insanın əlini hər yerdən üzüb

İqtisadçı Nemət Əliyev hesab edir ki, karantin rejimi dolanışığı günəmuzd işdən çıxan on minlərlə insanın əlini hər yerdən üzüb, gəlir yollarını tıxayıb.

Gündəlik yeməyə, içməyə ehtiyaclarının ödənilməsində belə insanlar ailə üzvləri ilə birlikdə ciddi zərbələr almaqdadırlar.
Nemət Əliyev, iqtisadçı

“Gündəlik yeməyə, içməyə ehtiyaclarının ödənilməsində belə insanlar ailə üzvləri ilə birlikdə ciddi zərbələr almaqdadırlar. Karantin rejimi tətbiq olunandan sonra onların hamısının da xalis işsizə çevrilməsinə bir kimsə şübhə edə bilməz. İnsanların SMS-lə icazə alıb marketlərə, apteklərə getmək əvəzinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrinə axın etmələrinin səbəbi birbaşa bununla bağlıdır. Belə bir şəraitdə nazir Sahil Babayev də deyir ki, işsiz kimi qeydiyyata alınmaq üçün tələskənliyə ehtiyac yoxdur. Axı ərzağa, dərmana, tibbi maskaya, əlcəyə, spirtə xərcləməyə pul tapmayan insanlar, ailələr necə tələsməyə bilər? Onu da nəzərə alanda ki, hökumətin bu yöndəki tədbirlər Planı da dişsiz çıxıb, deməli tələsmək üçün əsaslar daha çoxdur, cənab nazir!” o qeyd edib.