Macar əsilli Amerika milyarderi Corc Sorosun təsis etdiyi Soros Fondu Budapeştdəki ofisini bağladığını və bütün əməliyyatların Berlinə köçürüldüyünü bildirib. Fond bunun səbəbini Macarıstanda “artmaqda olan repressiv siyasi və hüquqi mühitin” mövcudluğu ilə izah edib.
Açıq Cəmiyyət Fondu açıqladığı bəyanatda Macarıstanın yeni parlamentinin ilk qanunvericilik prioriteti olduğu gözlənilən qeyri-hökumət təşkilatlarına qarşı yönəlmiş məhdudiyyətləri qeyd edib.
Macarıstan hökuməti bizim işimizə kölgə salır, onu təhrif edir və Avropa İttifaqı tarixində görünməyən taktikalardan istifadə etməklə öz siyasi mənfəətinə görə sivil cəmiyyətə qarşı repressiya aparırPatrik Qaspard
Baş nazir Viktor Orban hökuməti “Sorosu dayandır” kimi tanınan qeyri-hökumət təşkilatlarına qarşı məhdudiyyətlərin sərtləşdirildiyi qanun layihəsinə dəstək verir. Buraya mühacirət fəaliyyətlərinə cəlb olunmuş QHT-lərə vergilərin və qadağaların tətbiq edilməsi daxildir.
Hökumət milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirib, baş nazir Orban isə Sorosu çox sayda mühaciri Avropaya gətirmək istiqamətində işləyərək, milli mədəni dəyərləri sarsıtmaqda ittiham edib.
“Macarıstan hökuməti bizim işimizə kölgə salır, onu təhrif edir və Avropa İttifaqı tarixində görünməyən taktikalardan istifadə etməklə öz siyasi mənfəətinə görə sivil cəmiyyətə qarşı repressiya aparır”, Açıq Cəmiyyət Fondunun prezidenti Patrik Qaspard bildirib.
Fond Macarıstanda vətəndaş cəmiyyəti qruplarına dəstək verməyə və incəsənət, media azadlığı, şəffaflıq, təhsil və səhiyyə ilə bağlı layihələri dəstəkləməyə davam edəcəyini bildirib.