Əfsanəvi Sofi Loren 78 yaşını qeyd edir

Aktrisa kino-ekranda onlarla unudulmaz obraz yaratmışdır
Sentyabrın 20-i dünyanın ən gözəl qadınlarından biri sayılan əfsanəvi aktrisa Sofi Lorenin anadan olduğu gündür. Aktrisanın bu gün 78 yaşı tamam olur.

Pitsuoli qəsəbəsində imkansız ailədə anadan olan Sofinin Hollivudda qızıl karyera qurmasını bəlkə onun uğursuz aktrisa olan anası Romilda Villanidən başqa heç kəs o zaman arzu edə bilməzdi. Sevdiyi insanla evliliyi baş tutmayan Romilda Villani Sofini tək böyütmək məcburiyyətində qalmış və yaşadığı balıqçı qəsəbəsinə qayıtmalı olmuşdu. Sofi Lorenin uşaqlıq illəri burada keçmişdir. Lakin 15 yaşına çatan qızın gözəlliyi artıq bu kiçik yerə sığmırdı. Neapolda gözəllik müsabiqəsində ən yüksək titul qazanan Sofi Loren kamera işıqlarının parıltısının gözqamaşdırdığı bir dünyaya daxil olur.

İlk ən böyük uğurunu Sofi Loren 1960-cı ildə əfsanəvi rejissor Vittorio De Sikanın çəkdiyi “İki qadın” filmində baş rola görə Oskar mükafatına layiq görülən zaman qazanmışdı. Sofi Loren Holivudda qeyri-ingilis dilində çəkilmiş filmdə rola görə Oskar mükafatı almış ilk qadın olmuşdu. “İki qadın” filmi Sofi Lorenə daha 20 beynəlxalq mükafat gətirmişdir. Rejissor və aktrisa arasında 20 illik yaradıcı münasibətlər, Sofi Lorenin özünün dediyi kimi, “eşq macərası”14 filmlə nəticələnmişdir.

Sofi Lorenin böyük ekran həyatı onun şəxsi həyatından ayrılmazdır. Həyat yoldaşı, İtaliya kino-rejissoru Karlo Ponti ilə Sofi Loren arasında 22 il yaş fərqinə baxmayaraq, bu “qızıl cüt” romanlar və kino-filmlərdəki kimi bir məhəbbət yaşayıb. Katolik kilsəsi Pontinin birinci arvadından boşanmağa icazə vermədiyi üçün o çox böyük çətinliklərdən sonra 1966-cı ildə rəsmən Sofi Lorenlə evlənə bilib. Ponti Sofi Lorenlə həyatını onun haqqında yazdığı kitab və ekran üçün yaratdığı eyni-adlı “Sofi Lorenin həyatı” filmi ilə əbədiləşdirmişdir. Bu filmdə Sofi Loren həm özünü, həm də anası Romilda Villaninin rolunu ifa etmişdi. Karlo Ponti 94 yaşinda vəfat edəndə Sofi Loren onu bir dəqiqə tək qoymamış, onun başı üstündə olmuşdur.

Aktrisanın həyatında ailəsi və övladları böyük rol oynayır. 50 yaşı qeyd edilən zaman Fransanın “Paris Match” jurnalı üz qabığına aktrisanın iki oğlu ilə şəklini çıxarmışdı. Bu fotodan ekranda hamıya tanış olan femme fatale (gözəlliyi ilə insanı təhlükəyə sala bilən qadın üçün işlədilən ifadə) deyil, başqa Sofi Loren, övladlarina dərin məhəbbəti gözlərindən oxunan bir gözəl qadın baxırdı.

O, müsahibələrinin birində demişdi ki, həyatında ən çətin anlardan biri oğlu 11 yaşında olarkən onunla birlikdə filmdə çəkilmək olub. Sofi Loren həmin filmdə ana rolunu ifa edirdi. Ana obrazı "İki qadın" filmində onu karyerasının zirvəsinə gətirmiş və sonra həyatının müxtəlif dövrlərində onun yenidən ifasına qayıtdığı bir rol olmuşdu. Lakin əsl analıq, həyatda ana olmaq Sofi Lorenin dediyi kimi, onun ən çox məsuliyyət hiss etdiyi vəzifələrdən biridir.

Sofi Loren sonuncu dəfə 2010-cu ildə İtaliya televiziyasında serialda çəkilib. Aktrisa əvvəlki kimi gözəl və eleqant, həyatı sevən bir qadın olaraq qalır. Gözəl və gənc qalmasının sirlərini isə həyata böyük eşqi ilə izah edir.