“Sonsuz dəhliz” filmi Madrid kinofestivalında iki nominasiyada qalib olub [Video]

Sonsuz koridor filmi

Film Xocalı faciəsindən bəhs edir

Litva kinematoqrafçılarının çəkdiyi “Sonsuz dəhliz” filmi nüfuzlu Madrid kinofestivalında iki nominasiyada qalib gəlib.

İyulun 10-u festivalın son günündə “Sonsuz dəhliz" 2015-ci ilin ən yaxşı sənədli filmi, Aleksandras Brokas ən yaxşı rejissor elan edilib. Beləliklə, Xocalı faciəsindən bəhs edən film artıq ikinci beynəlxalq mükafata layiq görülüb.

"Xoşbəxtəm ki, film beynəlxalq səviyyədə belə yüksək qiymət aldı. Filmin beynəlxalq səviyyədə təqdimatı bundan sonra da davam edəcək", filmin prodüsseri və rejissoru Aleksandras Brokas Turan agentliyinə bildirib.

Bir neçə həftə öncə bu film nüfuzlu “Accolade Qlobal Film Competition” nəşrinin baş mükafatına layiq görülüb. Bu müsabiqəni «Kiçik Oskar» da adlandırırlar.

“Sonsuz dəhliz” baş mükafata – “Best of Show” mükafatına layiq görülüb. Bu mükafat ən yaxşı ideya və onun gerçəkləşdirilməsinə görə verilir. «Bu, xoş sürpriz idi, Emmy və Oscar (Academy Award) mükafatı verən münsiflər bizim filmi dünyada yüzdən artıq lent arasında ən yaxşı adlandırdı», - deyə Brokas bildirib.

Film 20 il sonra Xocalı faciəsinin qurbanlarından, Ermənistan-Azərbaycan münaqişəsinin, kütləvi qırğının səbəblərindən və müqəssirlərin cəzalanmamasından bəhs edir. Film üzərində iş bir neçə il Azərbaycan, Litva, Ermənistan və Moskvada aparılıb. Çəkilişdən sonra Britaniya və ABŞ-da böyük işlər görülüb, film tərcümə edilib, mətn məşhur britaniyalı aktyor, Oskar mükafatçısı Ceremei Ayronsun iştirakı ilə səsləndirilib. ABŞ-da filmə məşhur Amerika kinematoqrafçısı Cerald Rafşun prodüsserlik edib. Film keçmiş SSRİ-də yenidənqurma dövründə baş verən prosesin humanitar, siyasi, tarixi və geosiyasi aspektlərinə toxunur. Filmin əsas məziyyəti hadisələrin obyektiv analizi və Xocalının dinc əhalisinin kütləvi qətlində kimin müqəssir olması sualına cavab verməsidir. Film çəkilən zaman Turan Agentliyinin arxiv materiallarından istifadə edilib.