Somalinin paytaxtında güclü partlayış olub

Bazar ertəsi Somalinin paytaxtı Moqadişuda bazarda törədilən güclü partlayış azı doqquz nəfərin ölümünə səbəb olub.

Şahidlərin sözlərinə görə, partlayış şəhərdə hökumət binalarının olduğu yerin yaxınlığındakı izdihamlı bazarda baş verib.

Partlayışın səbəbi dərhal aydın olmayıb. Lakin Əl-Şəbəb militant qrupu paytaxt ərazisində partlayışlar həyata keçirməklə tanınır.

Bazar ertəsi diigər bir hadisədə silahlı şəxs Somalinin yarı-muxtar Puntland regionunda Dubaya aid limanın menecerini güllələyərək öldürüb.

Yerli təhlükəsizlik rəsmiləri Fransa Xəbər Agentliyinə bildirib ki, təhlükəsizlik qüvvələri qətli törədən şəxsi hadisə baş verən yerdə öldürüb.

İslamçı Əl-Şəbəb qrupu bazar ertəsi Bosaso limanında törədilən hücuma görə məsuliyyəti üzərinə götürüb.