Somalidə Əl-Şəbab hərbi bazaya hücum edib

Somalidə Əl-Şəbabın hərbi bazaya hücumu nəticəsində 12 hərbçi həyatını itirib.

Rəsmilər Amerikanın Səsinə bildirib ki, Sanqui hərbi bazasına əvvəl intihar hücumu edilib, sonra isə silahlardan atəş açılıb.

Somali qüvvələrinin briqada komandiri Muxtar Əbdi Məhəmməd partlayıcı qurğular yerləşdirilən iki maşının bazaya çatmazdan öncə zərərsizləşdirildiyini bildirib. Onun dediyinə görə, hücumçuların sayı 80-100 nəfər olub.

Qanlı hadisə ölkənin cənubundakı Kismayu liman şəhərinə 50 km məsafədə baş verib.Əl-Şəbab isə 27 əsgərin öldürüldüyünü iddia edir. Məhəmməd qruplaşmanın iddiasını rədd edərək, əsassız iddianın mətbuatın diqqətini cəlb etmək məqsədi daşıdığını deyib.

Terror təşkilatı bu bazaya iyun ayında da hücum həyata keçirmişdi. Həmin vaxt 4 ABŞ əsgəri öldürülmüşdü.