Somalidə yaraqlılar BMT bazasına hücum edib

Somalia

Somali rəsmilərinin bildirdiyinə görə bugün qiyamçıların Birləşmiş Millətlər Təşkilatının Moqadişudakı bazasına hücumu nəticəsində ən azı 15 nəfər həlak olub.

Hücuma görə məsuliyyəti Əl-Şabab yaraqlı qruplaşması öz üzərinə götürüb. İntiharçı üzərindəki partlayıcını BMT İnkşaf Proqramının (UNDP) ofisi qarşısında işə salıb. Şahidlərin sözlərinə görə partlayışdan sonra yaraqlılar və polis arasında silahlı qarşıdurma baş verib.

Daxili işlər naziri Əbdikərim Hüseyn Güləd itkilər barədə jurnalistlərə açıqlama verib.
O deyib ki, BMT-nin İnkşaf Proqramının ofisinin təhlükəsizlik xidmətində calışan 4 somalili və 4 əcnəbi öldürülüb. O, habelə ölənlər arasında hücumda iştirak edən 7 terrorçunun olduğunu bildirib.

Təşkilata yaxın mənbənin Amerikanın Səsinin Somali redaksiyasına verdiyi məlumata görə ölən xaricilərdən biri keniyalı, digər üçü isə cənubi afrikalıdır.

Tvitterdəki mesajında Əl-Şabab bildirib ki, qruplaşmanın üzvləri bazada tam nəzarəti ələ alıb. Lakin Amerikanın Səsinin Moqadişudakı müxbirinin dediyinə görə hökumət və Afrika Birliyinin əsgərləri yenidən kompleksin nəzarətini ələ keçirib.