SOCAR “ATV İnternational”ı alıb

SOCAR-ATV_logo

Televiziya 10 faiz Azərbaycan, 90 faiz isə xarici, o cümlədən region ölkələrinin dillərində verilişlər yayacaq. Hazırda ingilis, rus, fars, erməni dillərində verilişlər yayımlanır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “ATV İnternational” peyk telekanalını alıb. Sövdələşmənin qiyməti açıqlanmır.

Satış qurumun maliyyələşdirilməsi problemləri ilə əlaqədardır. Bunu ATV-nin prezidenti Vüqar Qaradağlı aprelin 10-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə yaradılmış telekanal “reklamdan daxil olan gəlirlər əsasında fəaliyyət göstərməyib və bu səbəbdən də müasir texnologiyalarla təminatla bağlı problem yaranıb”. Bununla əlaqədar telekanal satışa çıxarılıb və SOCAR ona maraq göstərib.

Bundan sonra ATV İnternational SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək.

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov şirkətin ATV-ə marağını ölkədə və xaricdə sosial layihələrinə media dəstəyinin verilməsinin vacibliyi ilə əsaslandırıb.
Onun sözlərinə görə, SOCAR Media İctimai Birliyinin neft şirkəti qarşısında hər hansı öhdəliyi olmayacaq.

Kanalda verilişlərin 10 faizi Azərbaycan, 90 faizi region ölkələri də daxil olmaqla, xarici dillərdə yayımlanacaq.

Kanal ən müasir texnologiyalarla təmin ediləcək, SOCAR-ın biznes maraqlarını təmsil etməklə yanaşı Azərbaycanın dövlət siyasətini təbliğ edəcək.

ATV-International qeyri-kommersiya təşkilatı olavaq və ayrılan qrant hesabına fəaliyyət göstərəcək.

Kanala jurnalist Azər Xəlilov rəhbərlik edəcək. O 1999-cı illərin əvvəllərində Azərbaycan mətbuatında çalışıb, bir sıra xarici KİV ilə əməkdaşlıq edib, BBC-nin Azərbaycan xidmətinə rəhbərlik edib.

A.Xəlilov bildirib ki, bundan sonra telekanal “CBC” (Caspian Broadcasting Company) adlandırılacaq. Hazırda kanal ingilis, rus, fars, erməni dillərində yayımlanır.