SMDT: "2022-ci ildə sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı kimi hüquqların pozulması üstünlük təşkil edib"

11 noyabr, 2022, Azərbaycan Xalq Cəbhəsi Partiyasının aksiyası

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 2022-ci ildə mülki və siyasi hüquqların pozuntuları üzrə qeydə alınmış hallara dair illik fakt-xülasə paylaşıb.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində əvvəlki illərdə qeydə alınan problemlər 2022-ci ildə də müşahidə olunub:

“2022-ci ildə də ötən illərdə olduğu kimi vətəndaşlar tənqidi çıxışlarına görə təhdid və təzyiqlərə məruz qalıblar, dinc aksiyaların qarşısı mütəmadi olaraq alınıb, hökumətin tənqidçilərinə qarşı təqibləri davam edib”.

SMDT il boyunca ümumilikdə 229 hal əsasında mülki və siyasi hüquqların dəyərələndirlməsini aparıb. Bu hallar arasında ədalətli mühakimə və məhkəmə araşdırması hüququ, sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı kimi hüquqların pozulmasının üstünlük təşkil etdiyi qeyd olunub.

“2013-2014-cü illərdə siyasi motivlərlə həbs edilən hüquq müdafiəçilərinin hüquqlarının pozulması barədə Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi qərarlar tam şəkildə icra edilməyib. İlin sonunda ictimai fəal Bəxtiyar Hacıyev qondarma ittihamlar əsasında azadlıqdan məhrum edilib. Ümumilikdə il ərzində siyasi məhbusların sayı ciddi şəkildə azalmayıb, hakimiyyət onların azadlığa buraxılması ilə bağlı siyasi iradə nümayiş etdirməyib”, hesabatda deyilir.

Mərkəz hesab edir ki, mülki və siyasi hüquqların müdafiəsi üzrə vəziyyətin təkmilləşməsi, habelə insan hüquqlarının müdafiəsi sahəsində mövcud siyasi böhranın aradan qalxması üçün dövlət orqanları ilkin olaraq Azərbaycanda məhkəmə-hüquq sisteminin müstəqilliyinin təmin olunması ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrini icra etməli, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı siyasi iradə nümayiş etdirməlidir.

Sənəddə vətəndaşların ifadə azadlığının müdafiəsi ilə bağlı AİHM-in müvafiq qərarlarından irəli gələn müddəaların icra edilməsi, sosial media istifadəçilərinə qarşı təqiblərin dayandırılması ilə bağlı tövsiyələr də yer alıb:

“Hakimiyyət siyasi iradə nümayiş etdirərək, siyasi təqibləri dayandırmalı, siyasi motivlər əsasında həbs edilmiş məhbsuların azadlığa çıxmasını təmin etməlidir. İşgəncə və pis rəftarla bağlı vətəndaşların şikayətləri vaxtında və şəffaf şəkildə araşdırılmalı, müvəqəqti saxlama yerləri, istintaq təcridxanaları və həbsxanalarda ictimai nəzarət təmin edilməldir”.

SMDT siyasi hakimiyyətə çağırış edərək, “Media haqqında“, “QHT- lər haqqında” və “Siyasi partiyalar haqqında” qanunların Avropa Şurası və ATƏT standartları əsasında təkmilləşdirməyi tövsiyyə edib.

Bəyanatla bağlı hələlik, Azərbaycan hökuməti münasibət bildirməyib. Ancaq hökumət bir qayda olaraq təşkilatların bu kimi tənqidlərini qəbul etmir. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin edildiyini bildirir.