Sloveniya miqrantlar üçün sərhəddə "çətinliklər" yaradır

Miqrantlar Avstriya-Sloveniya sərhədində

Avropa İttifaqının üzvü olan Sloveniya Avropaya bu həftə yeni miqrant axını gözlənildiyi vaxt Xorvatiya ilə sərhəddə "maneələr" yaradılmasını planlaşdırır.

Lakin Macarıstanın cənubda sərhədi bağlamasından sonra Balkanlardan qərbi Avropaya üz tutan minlərlə miqrantın əsas yolunda olan Sloveniyanın Baş naziri Miro Kerar sərhədin açıq qalacağına təkid edir.

O, Sloveniyanın Xorvatiya sərhəddə müvəqqəti "texniki maneələr" qurulacağını bildirib. Buraya onun sözlərinə görə, hasarın tikilməsi daxildir və bu, mühacirləri sərhəd keçidinə istiqamətləndirmək məqsədi daşıyır. "Biz sərhədlərimizi bağlamırıq"-deyə baş nazir bildirib.

Miro Kerar deyib ki, hazırda 30 min miqrant Sloveniya istiqamətində hərəkət edir və onların böyük hissəsi Avstriya gündə 6 min miqrantın qəbul edilməsi kimi məhdudiyyət qoysa, ölkədə ilişib qalacaq.

Sloveniya Avropa İttifaqı ölkələri arasında hasarın tikilməsinin qəti əleyhinə idi.
Yaxın Şərq, Asiya və Afrikadan 170 mindən çox miqrant və qaçqın Macarıstanın oktyabrın ortalarında Xorvatiya ilə sərhədi bağlamasından sonra Sloveniya ərazisindən keçib.