Slovakiyada parlament seçkiləri keçirilir

Şənbə günü Slovakiyada seçicilər Rusiyapərəst və anti-Amerikan mesajla seçki kampaniyası aparan sabiq populist baş nazir ilə liberal, Qərb tərəfdarı namizəd arasında keçirilən erkən parlament seçkisində iştirak edirlər.

Hansının qalib gələcəyindən asılı olaraq, bu seçki kiçik şərqi Avropa ölkəsinin Rusiya ilə müharibədə olan qonşu Ukraynaya dəstəyini dəyişə bilər ki, bu da Avropa İttifaqı və NATO-da zəif birliyi dağıtmaq təhlükəsi yaradır.

59 yaşlı sabiq baş nazir Robert Fiko və onun solçu Smer, və ya İstiqamət, partiyası onun hakimiyyətə qayıtması halında Slovakiyanın Ukraynaya Rusiya ilə müharibəsində hərbi dəstəyini dayandırmağı vəd edib.

Smerin əsas rəqibi Proqressiv Slovakiyadır. Bu liberal partiya 2017-ci ildə yaranıb və ona Avropa Parlamentinin 39 yaşlı üzvü Mikal Simeçka başçılıq edir.

2006-2010-cu illərdə baş nazir vəzifəsində çalışan Fiko Aİ-nin Rusiyaya sanksiyalarının əleyhinədir, Ukraynanın Rusiyanın işğalçı qüvvələrini çıxara bilib-bilməyəcəyini sual edir və Ukraynanın NATO-ya qoşulmasının qarşısını almaq istəyir.

O təklif edir ki, Aİ və ABŞ Kyivə silah göndərmək əvəzinə, nüfuzlarından istifadə edərək Rusiya və Ukraynanı kompromis sülh sövdələşməsinə məcbur etməlidir. O, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna hökumətinin nasist dövlət idarə etdiyinə dair əsassız iddialarını təkrarlayıb.

Fiko həmçinin immiqrasiya və LGBTQ+ hüquqlarının əleyhinə kampaniya aparıb və korrupsiya və başqa ağır cinayətləri araşdıran Milli Cinayət Agentliyi müstəntiqlərini və xüsusi prokuroru vəzifələrindən azad etməklə hədələyib.

Proqressiv Slovakiya ölkənin gələcəyini Aİ və NATO-dakı mövcud üzvlüyünə möhkəm bağlı olaraq görür.

Partiya Slovakiyanın Ukraynaya dəstəyini davam etdirməyi vəd edib. Partiya həmçinin LGBTQ+ hüquqlarını dəstəkləyir ki, bu da mühafizəkar Katolik ölkəsində əsas partiyalar arasında nadir bir haldır.

Gənclər arasına populyar olan partiya 2019-cu ildə Slovakiyada “Birlik” Partiyası ilə koalisiyada Avropa Parlament seçkisində qalib gəlib və səslərin 20 faizindən çoxunu qazanıb. Ancaq partiya 2020-ci ilə cüzi səs fərqi ilə ölkə parlamentində yer qazana bilməyib.

Şənbə günü heç bir partiyanın səslərin əksəriyyətini alacağı gözlənilmit. Bu isə o deməkdir ki, koalisiya hökuməti yaranmalı olacaü. Ən çox səsləri qazanan partiya adətən hökumət qurmaq şansını əldə edir.