Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Eldar İsmayılovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun və partiyanın digər altı üzvünün işi üzrə prosesdə təqsirləndirilənlər son söz deyib.
AİP sədri Mövsüm Səmədov günahkar olmadığını və məhkəmələrin sifariş yerinə yetirdiyini bildirib. AİP sədri ona qarşı irəli sürülmüş ittihamların saxta olduğunu bildirərək, məhkəmə zamanı bütün şahidlərin ifadələrinin təzyiq altında alındığını söyləyib. "Mən xahiş edirəm, burada heç kəsə iş kəsilməsin. Mənə ikiqat cəza verilsin. İnsanın bir gün azad yaşaması bir ömür boyu qul kimi yaşamasından üstündür. Biz bir ömür yaşayaq, amma Allahın nəzərindən kənarda qalmayaq", - deyə Mövsüm Səmədov əlavə edib.
Daha sonra Vaqif Abdullayev, Fəramiz Abbasov, Dəyanət Səmədov, Rufulla Axundzadə, Zülfiqar Mikayılzadə son sözlərində ittihamla razılaşmadıqlarını və məhkəmədən bəraət istədiklərini vurğulayıb.
Məhkəmə hökmün oktyabrın 7-də oxunacağını elan edib.
Turan Agentliyinin məlumatına görə, bu gün səhər təqsirləndirilən şəxslərin qohumlarının məhkəmə zalına girişi zamanı narazılıq yaranıb. Məhkəmə binasını polis mühasirəyə alıb, adamları sıxışdıraraq ərazidən uzaqlaşdırıb.
İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1 (mütəşəkkil qrup tərəfindən ilkin razılaşma əsasında cinayətə hazırlıq), 214.2.3 (silahdan istifadə etməklə cinayətə hazırlıq), 228.3 (silah saxlanması və gəzdirilməsi) və 278 (hakimiyyətin zorla ələ keçirilməsi) maddələri ilə təqsirli bilinir.
Bu il yanvarın 2-də partiyanın Baş Məclisinin sessiyasında AİP lideri Azərbaycan xalqını “ayağa qalxaraq despotik rejimə son qoymağa çağırıb”. İslam Partiyasının liderinin çıxışı YouTube-da yerləşdirilib.