Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Eldar İsmayılovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov və daha 6 nəfərin - partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, partiya fəalları Firdovsi Məmmədrzayev, Fəramiz Abbasov, Dəyanət Səmədov və Mikayıl Zülfüqarın (sonuncu ev dustağıdır) işi üzrə proses davam edib.
Turan agentliyinin məlumatına görə, partiya fəalları silahdan istifadə ilə mütəşəkkil cinayət hazırlamaqda, hakimiyyəti zorla ələ keçirmək cəhdində, qanunsuz silah saxlamaqda ittiham olunurlar.
Vəkil Anar Qasımov bildirib ki, müdafiə etdiyi Mövsüm Səmədovun həbs müddəti bitib və bundan sonra onun həbsdə saxlanması qanunsuzdur. Lakin məhkəmə vəsatəti təmin etməyib.
AİP lideri guya Quba rayonunda digər “dini cərəyanların” nümayəndələrinə qarşı terror aktlarının hazırlanması ittihamının mahiyyətinə aydınlıq gətirməyi tələb edib. Lakin hakim bu vəsatəti əsassız və yersiz adlandırıb.
Daha sonra Səmədov bildirib ki, Azərbaycan hakimiyyəti “zalım Qərbin” və “sionistlərin” təsiri altındadır. O, hakimiyyəti kor-koranə Qərbə inteqrasiya etməkdə, siyasi əqidəsizlikdə ittiham edib. “Bu məhkəmə siyasi oyundur. Bilirik ki, məhkəmə heç nəyi həll etmir. Lakin, qoy hakimiyyət düşünməsin ki, xalq mübarizəyə qalxmayacaq. Bu hakimiyyət xalqı kommunizm metodları ilə idarə edə bilməyəcək. Bu hakimiyyət tarixdən silinəcək”, deyə Səmədov bildirib.
Hakim Səmədovun sözünü kəsərək, mahiyyəti üzrə danışmağı tələb edib. Buna cavabda AİP lideri deyib ki, həbsinin ilk günündən qanunsuzluqla üzləşib, onun həbsi yanvarın 2-də Partiyanın Ali Şurasının iclasındakı çıxışı ilə əlaqədardır.
Bundan sonra Səmədovun vəziyyəti kəskin şəkildə pisləşib və “təcili tibbi yardım” çağırılıb.
Hakim elan edib ki, Səmədovun vəziyyəti düzəldikdən sonra proses davam etdiriləcək.
Fasilədən sonra proses Səmədovun ifadələri ilə davam edib.
Növbəti iclas avqustun 15-nə təyin edilib