Qarabağ Komitəsinin piket keçirməsinə icazə verilməyib

Qarabağa azadlıq! mitinqi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin Azərbaycandakı səfirlikləri qarşısında piket keçirməsinə icazə verməyib. Bu barədə Qarabağ Komitəsi noyabarın 6-da məlumat yayıb.

Qarabağ Komitəsi noyabrın 8-də Fransanın, ABŞ-ın, Rusiyanın Azərbaycndakı səfirlikləri qarşısında piket keçirmək üçün Bakı şəhər İcra Hjakimiyyətinə xəbərdarlıq məktubu göndərib.

Paytaxt meriyası noyabrın 6-da aksiyaya icazə vermədiyini bildirib.

“Fransa, ABŞ və Rusiya səfrilikləri Bakının nəqliyyatın intensiv hərəkət etdiyi ərazilərində yerləşir. Həmin ərazilərdə toplantıda iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin və nəqliyyat vasiitələrinin iş ahənginin təmin edilməsində yaranacaq ciddi problemləri nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsinin 1-cibəndinə uyğun olaraq, qeyd etdiyiniz yerlərdə piketin keçirilməsi məqsədəuyğun hesab edilmir”, Bakı şəhər İcra Hakimiyyətinin Qarabağ Komitəsinə cavabında deyilir.

Qarabağ Komitəsi aksiyanın məqsədinin Minsk Qrupu həmsədrlərini Dağliq Qarabağ probleminin tənzimlənməsində daha aktiv fəaliyyətə dəvət etmək olduğunu bildirib.

Bakı şəhər İcra Hakimiyyəti ötən həftə komitənin noyabr ayının sonuna təyin etdiyi mitinqə də “yox” cavabı verib. Komitə bundan əvvəl sentyabrın 29-da Bakıda “Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.