Prezident İlham Əliyev noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan prezidentinin rəsmi internet saytının yaydığı məlumata görə, dövlət başçısı Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və dəstəyini əsirgəmədiyini qeyd edərək, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu qeyd edib.
Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə ardıcıl sürətdə töhfə verdiyini bildirib.
Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki dövlət başçısının 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirakı və çıxışının yüksək qiymətləndirildiyini vurğulayıb. Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük hörmət və nüfuza malik dövlət olduğunu deyərək, ölkənin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik edəcəyinə əminliyini ifadə edib.