Elmar Məmmədyarov ATƏT sədrinin xüsusi nümayəndəsi ilə görüşüb

Elmar Məmmədyarov

Oktyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalka ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və ATƏT-lə Azərbaycan arasında münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişənin həllində əsas maneə olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq sənədləri əsasında həll edilməli olduğunu qeyd edən nazir Elmar Məmmədyarov işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdlərinin Ermənistanın da 1993-ildə qoşulduğu 1949-cu il Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olduğunu xüsusilə vurğulayıb.

Rudolf Miçalka ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə regiona səfər etdiyini bildirərək ətraflı məlumata görə təşəkkürünü bildirib.