GUAM ölkələri BMT-yə dondurulmuş münaqişələrin həllinə dair qətnamə layihəsi təqdim edəcək

GUAM ölkələrinin baş nazirlərinin toplantısı

Moldova, Ukrayna, Azərbaycan və Gürcüstan hökumətləri GUAM nəqliyyat dəhlizinin və azad ticarət zonasının yaradılması üçün səylərin artırılması barədə razılığa gəlib. Bu barədə oktyabrın 5-də Moldovada GUAM dövlətləri baş nazirlərinin iclasının yekunlarına dair bəyanatda deyilir.

Yekun mətbuat konfransında bildirilib ki, dörd ölkənin nümayəndələri gömrük xidmətləri arasında əməkdaşlıq haqqında protokol imzalayıb. Sənəddə malların hava nəqliyyatı vasitəsilə dövlətlərin sərhədləri üzərindən keçirilməsi ilə bağlı gömrük pozuntularına qarşı mübarizədən danışılır.

Həmçinin Moldova, Gürcüstan, Ukrayna və Azərbaycan arasında rouminqin ləğvi imkanları müzakirə edilib.

Tərəflər GUAM ölkələri ərazisində həll edilməmiş münaqişələrin nizamlanmasına daha çox diqqət ayırıb.

"Bu günkü iclasda qeyd etdik ki, GUAM ərazisində həll edilməmiş münaqişələri nəzərə alaraq, geniş beynəlxalq dəstəyin göstərilməsi, üzv dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulmasının davam etməsinə reaksiya verilməsi üzrə səylərimizi artırmalıyıq", Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

Beləliklə, GUAM ölkələri BMT-yə dondurulmuş münaqişələrin həllinə dair qətnamə layihəsini təqdim edəcək.

"GUAM ölkələri üçün təkcə iqtisadi əməkdaşlıq yox, həm də çağırışların və təhlükələrin qarşısının alınması üçün birgə tədbirlərin həyata keçirilməsi vacibdir.

Təhlükəsizliyin təminatı üçün regional həmrəylik birinci dərəcəli vəzifədir", Moldovanın baş naziri Pavel Filip qeyd edib.

"Ərazi münaqişələrinin dinc yolla həlli o zaman asan olar ki, ölkədə özgə qoşunları və silahları olmasın", - o vurğulayıb.

Gürcüstanın baş naziri onu dəstəkləyib. O deyib ki, "Rusiya əvvəl olduğu kimi, indi də işğal edilmiş ərazilərdə yaşayan vətəndaşlarımız üçün yaxşı həyat şəraitinin yaradılması üzrə səylərimizi pozur. Rusiyanın müdaxiləsindən sonra həmin regionların əhalisi beş dəfə azalıb", - o bildirib.

Öz növbəsində Ukraynanın baş naziri Vladimir Qroysman deyib ki, "bu aqressiyanın dəf edilməsi üzrə alətlərin tapılması üçün bütün demokratik dövlətlərin konsolidasiyası vacibdir".

Azərbaycan baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu destruktiv mövqe, bölgədə sülh və əmin-amanlığa təhdid olmaqla yanaşı, GUAM-a üzv ölkələrin inkişafına ciddi xələl gətirir.

Görüşün yekunlarına əsasən dörd ölkənin gömrük xidmətləri əməkdaşlıq haqqında protokol imzalayıb.

Həmin gün Tbilisidə iyunun əvvəlində Ukrayna, Moldova və Gürcüstan tərəfindən yaradılmış parlamentlərarası assambleyanın nizamnaməsi imzalanıb.

Ukrayna Ali Radasının sədri Andrey Parubi qeyd edib ki, hər üç ölkə Rusiyanın aqressiyasına qarşı birgə müqavimət göstərəcək.

Moldovalı spiker Kandunun sözlərinə görə, deputatlar hər üç dövlətin tezliklə Aİ-yə daxil olması, həmçinin regional təhlükəsizlik çağırışlarına cavab vermək üçün birgə iş aparacaqlar. Əsasən söhbət ərazi bütövlüyünün qorunması, enerji müstəqilliyi, kibertəhlükəsizlik sahəsində təhdidlərin və dezinformasiyanın qarşısının alınmasından gedir.