Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Sentyabrın 27-də Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində nazir Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, komitə nümayəndələri Azərbaycanda mövcud olan tolerantlıq ənənələrini vurğulayaraq, bu xüsusda Azərbaycan hökuməti tərəfindən yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürünü ifadə edib.

Nazir Məmmədyarov tolerantlıq və multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu qeyd edərək, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını vurğulayıb.

Nazir Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun beynəlxalq səviyyədə təşviq olunmasına verdiyi töhfəni vurğulayaraq, ölkədə təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər barədə qarşı tərəfə məlumat verib.