XİN: Ermənistan vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

"Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq. Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır. Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür", Xarici İşlər Nazirliyi bildirir.

Sentyabrın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan və ölkənin hərbi rəhbərliyi Azərbaycanın Kəlbəcər rayonunda Murovdağ massivindəki mövqelərdə olub.

Mövqelərdən qayıdan N.Paşinyan bildirib ki, Ermənistan Azərbaycanın hücumunu dəf etməyə hazırdır.