İlqar Məmmədov görüşlər keçirir

Vilyam Gil və İlqar Məmmədov

ReAL Partiyasının sədri İlqar Məmmədov avqustun 21-də ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərində, avqustun 20-də isə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində səfir və müvəqqəti işlər vəkillərilə görüşüb. Bu barədə ReAL Partiyasının Mətbuat Xidməti məlumat yayıb.

“Avropa Məhkəməsi tərəfindən müdafiə olunan haqlarıma bu 5,5 il ərzində onların ifadə etdikləri və əməli dəstəyinə görə təşəkkürümü bildirdim. Bəzi digər dövlətlərin də təmsilçilərinə onların dayanışmasını yüksək dəyərləndirdiyimi yaxın günlərdə söyləməliyəm”, İlqar Məmmədov öz Facebook səhifəsində yazıb.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu bu il iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi Məmmədovu 2 il sınaq müddəti olmaqla azadlığa buraxıb.