Avqustun 10-da Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bir qrup vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşüb.
Turan agentliyinin məlumatına görə, görüş zamanı fəallar və jurnalistlər söz azadlığı, vətəndaş cəmiyyəti sahəsindəki vəziyyət barədə Aİ səfirinə məlumat verib. Son vaxtlar Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə xəbər saytlarının bloklanması söhbətin əsas mövzusu olub.
Saytların bloklanması ilə bağlı iddiaların və məhkəmə qərarlarının qanunsuz olduğu qeyd edilib ki, bu da KİV və söz azadlığının məhdudlaşdırılmasına yönələn addım kimi qiymətləndirilib.
Qeyri-hökumət sektorunun nümayəndələri QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması və bu sahədə hökumətin siyasəti haqda məlumat verib.
Görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Səfir K.Yankauskas Aİ-nin ifadə azadlığının, vətəndaş cəmiyyətinin inkişafında, həmçinin Aİ və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə hüquq müdafiəçiləri Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Elçin Məmməd, jurnalistlər Əvəz Zeynallı və Mehman Əliyev iştirak edib.